
İndiyədək Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ümumilikdə 4,7 milyard bareldən çox (təxminən 630 milyon ton) xam neft nəql edilib.
Bp şirkətindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə nəql olunan neft 6271 tankerə yüklənərək dünya bazarlarına göndəriib.
“Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur”, – məlumatda qeyd olunur.
Qeyd edək ki, uzunluğu 1768 km olan BTC boru kəməri Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün inşa edilib.
Tikinti mərhələsindən başlayaraq BTC regiona əhəmiyyətli faydalar gətirib və müsbət dəyişikliklərə yol açıb.
BTC boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və qərb ölkələri arasında iqtisadi və siyasi əlaqələrin güclənməsinə dəstək verməklə tranzit ölkələrə mühüm gəlirlər gətirir.
BTC layihəsi başlandığı vaxtdan boru kəmərinin marşrutu boyunca 550-dən çox icma ilə (750 000-dən çox insan) sıx işləməklə minlərlə sosial təşəbbüs həyata keçirilib və bu fəaliyyət gələcəkdə də davam edəcək.
BTC-nin cari ötürücülük gücü gündəlik 1 milyon barel təşkil edir.
Boru kəmərində 46/42/34” diametrli borulardan istifadə olunub. Üç tranzit ölkə boyu kəmərin səkkiz nasos stansiyası və 98 siyirtmə stansiyası var.
Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə düşməzdən qabaq 2830 metr səviyyəsində ən yüksək nöqtəyə qalxaraq, bir neçə dağ silsiləsi, 3000 yol, dəmiryolu, yeraltı və yerüstü komunikasiya xətləri, eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir.
Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki nailiyyətlərindən biri hesab edilən BTC-nin tikintisinin tamamlanması üçün dörd il tələb olunmuşdur– layihə 2002-ci ilin iyul ayında təsdiqlənmiş və 2006-cı ilin may ayında başa çatmışdır. Tikintinin ən qızğın dövründə bu işlərə 22 000 nəfər cəlb olunmuş (bunların demək olar 80%-ni yerli işçilər təşkil etmişdir), 110 milyondan artıq adam-saat sərf edilmiş və 220 000 boru hissəsi qaynaq edilmişdir.
BTC xam nefti Ceyhan terminalında ilk tankerə 4 iyun 2006-cı il tarixində yüklənmişdir – təqribən 600 000 barel Azəri-Çıraq-Günəşli xam neftindən ibarət ilk həcmlər “British Hawthorn” tankerinə yüklənərək Ceyhan terminalından yola salınmışdır.
Qeyd edək ki, 1 iyul 2026-cı il tarixindən Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft boru kəmərinin operatorluğu “BP Exploration (Caspian Sea) Limited” (bp) şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə (SMO) keçir.

