Bu gün Cənubi Qafqazda baş verən proseslər regionda yeni geosiyasi düzənin formalaşdığını göstərir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış reallıqlar artıq bölgənin siyasi gündəliyini tamamilə dəyişib və əsas təşəbbüs sahibi Azərbaycandır. Ermənistanın mövcud siyasi davranışı onun hələ də tam müstəqil dövlət siyasəti yürütmək imkanında olmadığını göstərir.

Ermənistan hələ də müstəqil siyasət yürütmək iqtidarında deyil
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov APA-ya açıqlamasında bildirib ki, erməni xalqının tarix boyu müstəqil dövlətçilik ənənələri olmayıb: “1918-ci ildə Azərbaycan torpaqları hesabına öz dövlətlərini qurmağa nail oldular. 1918-ci ilə qədər erməni xalqının dövlətinin olmaması bu gün də özünü göstərir. Baxmayaraq ki, onların hər zaman himayədarları, qoruyucuları və müdafiəçiləri olub, bu günə qədər öz suverenliklərini və müstəqilliklərini tam şəkildə reallaşdıra bilməyiblər. Artıq 2026-cı ildir və MDB məkanında yerləşən dövlətlərin həqiqi mənada müstəqil siyasət yürütməsinə şahidlik edirik. Lakin Ermənistan hələ də xarici və daxili siyasətlə bağlı müstəqil qərarlar qəbul edə bilmir. Ermənistan hələ də müstəqil siyasət yürütmək iqtidarında deyil. Bu isə Cənubi Qafqazda gedən proseslərə mənfi təsir göstərir və regional sabitliyə zərər vurur. Bu gün görürük ki, Nikol Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşmağa çalışaraq Fransa və bəzi digər xarici qüvvələrin himayəsinə sığınmaq niyyətindədir. Digər tərəfdən isə Ermənistan müxalifətində Samvel Karapetyan və Robert Köçəryan kimi fiqurların yenidən Rusiyanın təsir dairəsinə qayıtmağa hazır olduqları görünür. Onların seçkiqabağı bəyanatları da bunu açıq şəkildə nümayiş etdirir”.

Fransa regionda neokolonial siyasət yürüdür
Zaur Məmmədov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında hazırda yeni bir mərhələ başlayıb: “Bu yeni mərhələnin əsas mahiyyəti ondan ibarətdir ki, bütün tərəflər və regionda marağı olan aktorlar yaranmış yeni reallığı qəbul etməli və bu prosesə zərər verəcək addımlardan çəkinməlidirlər. Lakin hazırda Ermənistanın Fransanın neokolonial siyasətinin Qafqazdakı alətinə çevrildiyini açıq şəkildə görürük. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti və neokolonializmə qarşı beynəlxalq platformalarda səsləndirilən mövqelər fonunda Emmanuel Makronun Ermənistanı Fransanın regiondakı siyasi alətinə çevirməyə çalışdığı müşahidə olunur. Lakin bu siyasət Fransanın özünə də ciddi zərbə vurub. Fransa artıq dünyanın bir çox regionlarında nüfuzunu itirib və uğursuz siyasəti ilə yadda qalır. Makronun son dövrlərdə Ermənistan üzərindən regionda yeni təsir imkanları yaratmaq cəhdləri də nəticəsiz qalır”.

Azərbaycan və Türkiyə prezidentləri regional siyasəti və gündəliyi formalaşdırırlar
Politoloq İrəvanda Avropa Siyasi Birliyinin sammitində iştirak edən Fransa Prezidentinin təşəbbüsünün nəticəsiz qalmasına da toxunub: “Fransa Prezidentinin Türkiyə-Ermənistan sərhədindən keçməklə istəyi baş tutmadı. Təəssüf ki, bu gün Türkiyə diplomatları sırasında bu ideyanı dəstəkləyənlər var idi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bu arzusunun reallaşmasına imkan vermədi. Azərbaycanın regionda qəti siyasi iradəsi mövcuddur və Prezident İlham Əliyev ilə Rəcəb Tayyip Ərdoğanın qətiyyətli mövqeyi həmin planların reallaşmasına imkan vermədi. Azərbaycan və Türkiyə prezidentləri bir daha göstərdilər ki, regional gündəliyi formalaşdıran əsas siyasi iradə məhz Bakı və Ankaradır. Bu gün Cənubi Qafqazda həqiqi liderlərin kim olduğu, real siyasətin kim tərəfindən həyata keçirildiyi və sabitliyə kimin töhfə verdiyi açıq şəkildə görünür”.

Ermənistan cəmiyyəti düzgün seçim etməlidir
Zaur Məmmədov hesab edir ki, qarşıdakı dövrdə Ermənistan cəmiyyətinin verəcəyi qərarlar ölkənin gələcək taleyi üçün həlledici olacaq: “Ümid etmək olar ki, erməni xalqı da baş verən proseslərdən düzgün nəticə çıxaracaq. Çünki qarşıdakı seçkilər Ermənistan cəmiyyətinin gələcək taleyi baxımından mühüm əhəmiyyət daşıyır. Vaxtilə Qarabağ məsələsi üzərindən manipulyasiya aparan qüvvələr bu gün Ermənistanın öz gələcəyini risk altına qoymağa çalışır. Ermənistan cəmiyyəti anlamalıdır ki, xarici güclərin təsiri altında qalmaq ölkəyə heç bir perspektiv vəd etmir. Regionda davamlı sülh və inkişaf yalnız reallıqların qəbul edilməsindən keçir. Bu gün Ermənistanda siyasi seçim əslində ölkənin gələcək strateji istiqamətinin müəyyən olunması deməkdir. Ermənistan ya regionda əməkdaşlıq və sülh siyasətinə qoşulacaq, ya da yenidən revanşizm və xarici asılılıq siyasətinin girovuna çevriləcək”.


