Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə yüksəlib – Prezident Administrasiyasının rəhbəri

Baş səhifə

Bakı. Trend:

2003-cü ildən sonrakı dövrdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə formalaşmış
möhkəm təmələ əsaslanan sürətli və dinamik inkişaf mərhələsi
başlanmışdır. Azərbaycanın sosial-iqtisadi inkişafının
sürətləndirilməsi, regionların, ayrı-ayrı sahələrin inkişafı ilə
bağlı qəbul olunmuş dövlət proqramlarının, imzalanmış fərman və
sərəncamların icrası, enerji resurslarının ixracından əldə olunan
gəlirlərin bir qisminin bu məqsədlərə yönəldilməsi iqtisadiyyatın
şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, ölkədə bütün
sahələr üzrə müasir infrastrukturun yaradılmasına, əhalinin
rifahının yüksəldilməsinə imkan vermişdir.

Trend xəbər verir ki,
bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb.

“Bu gün Bakının, şəhərlərimizin yeni və müasir siması onu deməyə
əsas verir ki, Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə
yüksəlmişdir. Bakı bulvarı, Ağ şəhər, Alov qüllələri, Heydər Əliyev
Mərkəzi, parklar, xiyabanlar, istirahət və əyləncə mərkəzləri, ən
müasir standartlara cavab verən səhiyyə, təhsil və mədəniyyət
ocaqları, turizm obyektləri və s. paytaxtımızın dünyanın ən gözəl
şəhərləri sırasında öz layiqli yerini tutduğunu əyani şəkildə
nümayiş etdirir”, – deyə Samir Nuriyev bildirib.

Məqalədə, həmçinin qeyd olunub: “Şəhərsalma və memarlıq da daxil
olmaqla, davamlı tərəqqinin miqyası aydın şəkildə göstərir ki, əldə
olunmuş uğurların əsasında illər əvvəl düşünülmüş, mərhələli
şəkildə reallaşdırılmış və zaman keçdikcə daha aydın şəkildə üzə
çıxan sistemli yanaşma dayanır”.