
Bakı. Trend:
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda
keçirilən konfrans çərçivəsində ailə, qadın və uşaq məsələləri üzrə
tematik istiqamətlərdə panel müzakirəsi təşkil edilib.
Trend xəbər verir
ki, panel müzakirəsində Milli Məclisin deputatı Mübariz Qurbanlı,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi
təminat şöbəsinin müdiri Taliyə İbrahimova, ADA Universitetinin
Təhsil fakultəsinin dekanı Ülviyyə Mikayılova, beyin inkişafı üzrə
mütəxəssis, neyropsixoloq Aytəkin Aslan, Strateji Kommunikasiyalar
Mərkəzinin nümayəndəsi Humay Axundzadə və Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin
Maarifləndirmə və Tədqiqat sektorunun müdiri Esmira Qasımova çıxış
ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi
təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxışında bildirib ki,
dövlət həssas qruplara yalnız “həssas yanaşma” ilə
kifayətlənməməlidir. Onun sözlərinə görə, inklüzivliyi
institusionallaşdırmalıdır:
“Xüsusi müdafiə, reabilitasiya, reinteqrasiya və erkən
aşkarlanma mexanizmləri sistemli şəkildə qurulmalıdır.
İnklüzivləşmə üçün ayrıca və dayanıqlı büdcə formalaşdırılması
vacibdir.
Uşaq hüquqlarının strateji müdafiəsinə xüsusi önəm verilməlidir.
Bu sahə ölkənin sosial-iqtisadi inkişafı baxımından kritik risk
faktoru kimi qiymətləndirilməlidir. Hüquqi normaların gündəlik
həyat davranışlarına çevrilməsi isə əsas hədəflərdən biri
olmalıdır”.
ADA Universitetinin Təhsil fakultəsinin dekanı Ülviyyə
Mikayılova isə çıxışında dünya təcrubəsinə diqqət çəkib:
“Yüksək sosial-iqtisadi göstəricilərə malik valideynlərin
uşaqları tədqiqatlarda, adətən, daha yaxşı nəticələr göstərir. Az
təminatlı və həssas qruplara aid ailələrin uşaqları isə məktəblərdə
nisbətən daha aşağı nəticələr əldə edir. Dünya üzrə bəzi nümunələr
göstərir ki, bu fərqləri minimuma endirmək mümkündür. Məsələn,
Estoniya, Vyetnam, Şanxay və Çin kimi təhsil sistemlərində sosial
mənşədən qaynaqlanan maneələrin əhəmiyyətli dərəcədə azaldılmasına
nail olunub və bütün dünya hazırda bu modelləri nümunə
götürür”.
Neyropsixoloq Aytəkin Aslan isə çıxışında uşaqların psixi
sağlamlığı məsələsindən danışıb. Onun sözlərinə görə, ÜST-nin
statistikasına görə, dünya üzrə hər yeddi uşaqdan biri psixoloji
problem yaşamaqdadır:
“Ailələrdə sağlam ünsiyyətin getdikcə azalması müşahidə olunur.
Bu isə nüvə ailələrdə münasibətlərin qeyri-sabitliyinə gətirib
çıxarır. Belə mühitdə böyüyən uşaqların psixoloji sağlamlığına
ciddi təsir göstərir. Neyropsixoloji tədqiqatlar göstərir ki,
emosional ehtiyacları qarşılanmayan uşaqlarda özünəqapanma, diqqət
pozğunluğu və aqressiv davranışlar daha çox müşahidə olunur.
Əksinə, emosional ehtiyacları dəstəklənən uşaqlar stresslə daha
yaxşı mübarizə aparır və özlərini daha rahat ifadə edə bilirlər.
Son illərdə uşaqlarda ciddi davranış pozğunluqları müşahidə edilir.
Bunun da əsas səbəbi texnologiyalar və ailədaxili
problemlərdir”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
(İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı isə çıxışında
bildirib ki, uşaq siyasəti yalnız uşağın qorunması deyil, uşağın
gələcək insan kapitalı kimi yetişdirilməsini nəzərdə
tutmalıdır:
“Erkən uşaqlıq inkişafı, psixoloji sağlamlıq, keyfiyyətli təhsil
birlikdə gələcək əmək bazarının keyfiyyətini müəyyən edir.
Azərbaycanın “Uşaqlara dair 2020–2030-cu illər üçün
Strategiyası” uşaqların müdafiəsi, erkən uşaqlıq dövründə
inkişafına dövlət dəstəyi, çətin həyat şəraitində olan uşaqların
müdafiəsi, sağlam mühitdə böyümə və uşaq siyasəti üzrə
monitorinq-qiymətləndirmə sisteminin inkişafını əsas istiqamətlər
kimi müəyyən edir”.


