
Bakı. Trend:
Azərbaycanda son dövrlərdə “Temu” platformasından gətirilən
yüklərin həcmi kəskin artıb. Elektron məlumatlar əvvəlcədən təqdim
olunmadan, qısa müddətdə böyük həcmdə yüklər hava limanına daxil
olub. Bu isə bağlamaların ünvanı və tərkibinin yoxlanılmasını
zəruri edib.
Trend-in
məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik
edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, elektron ticarət çərçivəsində yalnız istehlak
məhsulları deyil, eyni zamanda dərmanlar, psixotrop maddələr və
digər riskli məhsullar da ölkəyə daxil ola bilər:
“Bu səbəbdən gömrük yoxlanılması vacibdir. Əgər biz yükləri
dəqiqliklə yoxlamasaq, ictimaiyyət və deputatlar tərəfindən haqlı
iradlar səslənə bilər. Buna görə də müəyyən müddət – təxminən iki
həftə ərzində “Temu” vasitəsilə gətirilən məhsullarda gecikmələr
yarandı. Lakin artıq məsələ öz resurslarımız hesabına həll olunub.
Eyni zamanda “Temu” qarşısında tələb qoyulub ki, məlumatlar
əvvəlcədən təqdim edilsin”.

