
Bakı.Trend:
Yaxın Şərqdəki müharibənin qlobal əmtəə bazarlarına güclü təzyiq
göstərməsi fonunda bu il enerji daşıyıcılarının qiymətlərinin 24
faiz artaraq 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən
bəri ən yüksək səviyyəyə çatacağı gözlənilir.
Trend bu barədə
Dünya Bankı Qrupunun “Əmtəə bazarlarına baxış” adlı son hesabatına
istinadən məlumat verir.
Məlumata görə, ümumilikdə 2026-cı ildə xammal qiymətlərinin 16
faiz artacağı proqnozlaşdırılır. Bu artım enerji və gübrə
qiymətlərinin yüksəlməsi, eləcə də bir sıra əsas metallar üzrə
rekord səviyyədə yüksək qiymətlərlə əlaqədardır.
Təhlildə qeyd olunur ki, bu şok iş yerlərinin yaradılması və
inkişaf üçün ciddi nəticələrə səbəb olacaq.
“Enerji infrastrukturuna hücumlar və dünya üzrə dəniz yolu ilə
neft tədarükünün təxminən 35 faizinin keçdiyi Hörmüz boğazında
gəmiçiliyin pozulması tarixin ən böyük neft təklifi şokuna yol
açıb: ilkin mərhələdə qlobal tədarük günə təxminən 10 milyon barel
azalıb. Son dövrlərdəki maksimum səviyyələrdən geriləməyə
baxmayaraq, aprelin ortalarında “Brent” markalı neftin qiyməti ilin
əvvəli ilə müqayisədə 50 faizdən çox yüksək olaraq qalırdı.
Gözlənilir ki, 2026-cı ildə “Brent” markalı neftin orta qiyməti
2025-ci ildəki 69 dollarla müqayisədə 86 dollar təşkil edəcək. Bu
proqnozlar ona əsaslanır ki, ən kəskin fasilələrin may ayında başa
çatacağı və Hörmüz boğazı vasitəsilə gəmiçiliyin 2026-cı ilin
sonuna qədər tədricən müharibədən əvvəlki səviyyəyə bərpa olunacağı
gözlənilir”, – deyə bank bildirir.


