
Bakı. Trend:
Bu il Azərbaycan ilə Niderland arasında Haaqada siyasi
məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.
Trend xəbər verir
ki, bu barədə Niderlandın Azərbaycandakı səfiri Mariann de Yonq
Kral günü münasibətilə Bakıda keçirdiyi brifinqdə danışıb.
“Hazırda onların keçirilməsi üçün tarix müəyyənləşdirilməkdədir.
Böyük ehtimalla, məsləhətləşmələr yaydan sonra baş tutacaq, lakin
son tarix hələ təsdiqlənməyib. Bu, çox müsbət göstəricidir və
ölkələrimiz arasında əvvəlki məsləhətləşmələrin məntiqi davamıdır.
Bu dəfə onlar Haaqada keçiriləcək”, – deyə o bildirib.
Diplomat qeyd edib ki, hər iki ölkənin xarici işlər nazirlikləri
də sıx əlaqələri davam etdirir.
“İşçi səviyyədə Azərbaycanın Haaqadakı səfiri ilə sıx əməkdaşlıq
mövcuddur. Bundan əlavə, nazirliklər səviyyəsində də fəal təmaslar
davam etdirilir”, – deyə de Yonq vurğulayıb.


