Azərbaycan qlobal problemlərin həllində ölkələri birləşdirməyə kömək edir – ITU (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın ölkələri bir araya gətirmək və dialoq platforması
yaratmaq qabiliyyəti əsas qlobal məsələlərin həllini irəli aparmağa
kömək edir.

Bu barədə Trend
Beynəlxalq Telekommunikasiya İttifaqının (International
Telecommunication Union, ITU) baş katibinin müavini Tomas
Lamanauskas deyib.

“Azərbaycan müxtəlif ölkələri birləşdirmək üçün əla
platformadır”, – deyə o bildirib.

Onun sözlərinə görə, ötən il Beynəlxalq Telekommunikasiya
İttifaqı Bakıda hər dörd ildən bir keçirilən və sənayenin inkişafı
məsələlərini müzakirə etmək üçün dünyanın hər yerindən
nümayəndələri bir araya gətirən Ümumdünya Telekommunikasiya İnkişaf
Konfransını keçirib.

“Azərbaycan konfransa uğurla ev sahibliyi etdi və nəticədə Bakı
Bəyannaməsi və ətraflı fəaliyyət planı qəbul edildi. Müzakirələr
zamanı rəqəmsal inkişaf məsələlərinə xüsusi diqqət yetirilib”, –
deyə T.Lamanauskas bildirib.

O, 80-dən çox hökumətin və 1800-dən çox iştirakçının qoşulduğu
Azərbaycanda COP29 çərçivəsində qəbul edilmiş Green Digital Action
bəyannaməsinin də mühüm bir hadisə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu, rəqəmsal gündəmin artan rolunu və
Azərbaycanın yeni texnoloji problemlərin müzakirəsi və
razılaşdırılmış həllərin hazırlanması ətrafında ölkələrin
birləşməsini fəal şəkildə təşviq etdiyini nümayiş etdirir.

T. Lamanauskas əlavə edib ki, rəqəmsal məsələlərin də mühüm rol
oynayacağı gözlənilən Ümumdünya Şəhərsalma Forumu yaxınlaşır.

“Əminəm ki, bu cür platformalar bizə dialoqu inkişaf etdirməyə
və qlobal əhəmiyyətli məsələlərə ortaq yanaşmalar tapmağa imkan
verir”, – deyə o vurğulayıb.