TRIPP Mərkəzi Asiya üçün yeni xarici iqtisadi əməkdaşlıq vektorları yaradacaq – Ekspert

Baş səhifə

Bakı. Trend:

“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) Mərkəzi
Asiya ölkələrinə xarici iqtisadi əlaqələrin şaxələndirilməsi
baxımından əhəmiyyətli imkanlar təqdim edəcək.

Bunu Trend-ə Dokuz
Eylül Universitetinin beynəlxalq ticarət və biznes kafedrasının,
biznes fakültəsinin müəllimi, professor Ülviyyə Sanılı Aydın
deyib.

Onun sözlərinə görə, TRIPP Mərkəzi Asiyada ticarət axınlarının
artırılması və regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi
potensialına malik yeni nəqliyyat-logistika layihəsi kimi
qiymətləndirilir:

“Layihənin əsas məqsədi region ölkələrini Xəzər dənizi
vasitəsilə Cənubi Qafqaz və Avropa bazarları ilə birləşdirən
alternativ ticarət-tranzit dəhlizinin yaradılmasıdır. Bu, regionun
qlobal iqtisadi sistemə inteqrasiyasını gücləndirəcək.

Tarixən Mərkəzi Asiya ölkələri ticarət marşrutları baxımından
məhdud imkanlara malik olub və əsasən Rusiya və İran üzərindən
keçən yollarından asılı qalıblar. TRIPP ilə təklif olunan
alternativ marşrut daşımaların müddətini, eləcə də xərcləri azalda
və ticarət axınlarını daha proqnozlaşdırılan edə bilər. Bu isə
region ölkələrinin ixrac imkanlarını genişləndirir və idxal
proseslərinin səmərəliliyini artırır”, – deyə Ülviyyə Sanılı Aydın
qeyd edib.

O vurğulayıb ki, təşəbbüsdə ABŞ-nin rolu regiona beynəlxalq
marağı və investisiya potensialını artıra bilər ki, bu da region
ölkələri arasında təkcə iqtisadi deyil, həm də siyasi və strateji
əməkdaşlığı stimullaşdıracaq.

“Layihənin digər mühüm təsiri iqtisadi inteqrasiyanın
dərinləşməsi ola bilər. TRIPP yalnız infrastrukturun inkişafına
deyil, həm də gömrük prosedurlarının uyğunlaşdırılmasına, sərhəd
keçidlərinin sadələşdirilməsinə və logistika xidmətlərində vahid
standartların tətbiqinə töhfə verir. Bu cür tədbirlər ölkələr
arasında ticarət maneələrini azaldır və daha dərin regional
inteqrasiya üçün şərait yaradır. Dənizə çıxışı olmayan region
ölkələri üçün TRIPP-in strateji əhəmiyyəti tranzit rolunun
gücləndirilməsindədir. Qazaxıstan, Özbəkistan və Türkmənistan
qlobal təchizat zəncirlərinə daha fəal şəkildə inteqrasiya oluna
biləcəklər”, – ekspert hesab edir.

O əlavə edib ki, layihənin həyata keçirilməsi ilə Avropadan
birbaşa xarici investisiyaların artacağı gözlənilir ki, bu da
uzunmüddətli perspektivdə istehsal potensialını və əlavə dəyərli
məhsulların ixracını dəstəkləyəcək.

“TRIPP layihəsi, məsələn, Qazaxıstana ciddi fayda verəcək. Bunun
əsas səbəbi ölkənin coğrafi mövqeyi və layihənin əsas marşrutu ilə
birbaşa üst-üstə düşən mövcud nəqliyyat-logistika
infrastrukturudur. Xəzər dənizindəki Aktau və Kurık limanları
TRIPP-in Xəzər seqmentində əsas rollardan birini oynaya bilər. Bu,
Qazaxıstana layihəyə daha sürətlə inteqrasiya etməyə və tranzit
gəlirlərini artırmağa imkan verəcək. Bundan əlavə, Qazaxıstan artıq
uzun müddətdir ki, özünü Avrasiyada mühüm tranzit mərkəzlərindən
biri kimi mövqeləndirir və TRIPP bu strategiyanı möhkəmləndirə,
Rusiya üzərindən keçən marşrutlardan asılılığı azalda bilər.
Qazaxıstan yalnız tranzit gəlirlərindən deyil, həm də sənaye,
neft-kimya və kənd təsərrüfatı məhsullarının ixracı vasitəsilə
fayda əldə edə biləcək”, – deyə o bildirib.




“TRIPP Avropa bazarlarına daha qısa çıxış yolu təklif edəcək,
logistika xərclərini azaldacaq və ixrac potensialını
genişləndirəcək. Özbəkistan iqtisadiyyatının tekstil, kənd
təsərrüfatı və yüngül sənaye kimi sahələrdə həssaslığını nəzərə
alsaq, layihə ölkənin beynəlxalq rəqabət qabiliyyətini əhəmiyyətli
dərəcədə artıra bilər”, – deyə o bildirib.

Bundan əlavə, Ülviyyə Sanılı Aydın vurğulayıb ki, dənizə çıxışı
olmayan Özbəkistan üçün layihə xarici ticarət baxımından alternativ
və daha sərfəli marşrutlar yaradacaq.

Professor eyni zamanda qeyd edib ki, TRIPP layihəsi təchizat
zəncirlərinin daha çevik və təhlükəsiz formalaşdırılmasına töhfə
verəcək.

“Alternativ tranzit marşrutlarının mövcudluğu geosiyasi riskləri
azaldır və regional, eləcə də beynəlxalq ticarətdə fasilələrin
qarşısını alır ki, bu da xammalın, kənd təsərrüfatı və sənaye
məhsullarının sabit daşınması üçün xüsusilə vacibdir. İxrac
baxımından layihə Avropa bazarlarına daha sürətli və daha ucuz
çıxış təmin edərək regionun beynəlxalq rəqabət qabiliyyətini
artıracaq. Logistika xərclərinin azalması malların son qiymətinə
müsbət təsir göstərəcək, ixracın həcmini və çeşidini artıracaq.
Ümumilikdə, TRIPP Mərkəzi Asiyanın qlobal ticarət sisteminə
inteqrasiyasını gücləndirən və iqtisadi səmərəliliyi artıran mühüm
regional təşəbbüs kimi qiymətləndirilir”, – deyə o bildirib.

Ekspert həmçinin diqqətə çatdırıb ki, TRIPP-in effektiv və
dayanıqlı fəaliyyətinin təmin olunmasında tranzit ölkə kimi
Azərbaycanın rolu həlledicidir.

“Strateji coğrafi mövqe Azərbaycana Mərkəzi Asiya ilə Avropa
arasında təbii ‘körpü’ funksiyasını yerinə yetirməyə imkan verir.
Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı,
eləcə də inkişaf etmiş daxili avtomobil və dəmir yolu şəbəkəsi
TRIPP marşrutu üzrə yüklərin fasiləsiz, sürətli və səmərəli
daşınması üçün möhkəm infrastruktur bazası yaradır.

Azərbaycan regional əlaqələndirmədə də əsas oyunçu kimi çıxış
edir. Orta Dəhliz çərçivəsində toplanmış təcrübə, gömrük
prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma və qonşu ölkələrlə
logistika sahəsində əməkdaşlıq mexanizmləri TRIPP-in institusional
dayanıqlığını gücləndirir. Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz
ölkələri və Avropa tərəfdaşları arasında əlaqələndirici halqa
rolunu yerinə yetirərək layihənin uzunmüddətli, əlaqələndirilmiş və
etibarlı fəaliyyətini əsas tranzit ölkə kimi təmin edir”, -deyə o
əlavə edib.

Ülviyyə Sanılı Aydın vurğulayıb ki, TRIPP həmçinin Türkiyə daxil
olmaqla türk dövlətləri arasında vahid iqtisadi və logistika
məkanının formalaşmasına əlavə təkan verə bilər.

“Layihə Mərkəzi Asiyanı, Xəzər regionunu, Cənubi Qafqazı və
Türkiyəni vahid nəqliyyat-ticarət dəhlizi ilə birləşdirərək türk
dövlətləri arasında fiziki əlaqəliliyi gücləndirir. Bu əlaqə
logistika marşrutlarının inteqrasiyasını asanlaşdırır, ticarət
xərclərini azaldır və yük axınlarının əlaqələndirilməsini
sadələşdirir. TRIPP çərçivəsində nəqliyyat, gömrük və tranzit
prosedurlarının uyğunlaşdırılması türk dövlətləri arasında
institusional əməkdaşlığı dərinləşdirə və vahid iqtisadi məkanın
formalaşması üçün şərait yarada bilər. Beləliklə, TRIPP yalnız
infrastruktur layihəsi deyil, həm də türk dövlətləri arasında
uzunmüddətli iqtisadi inteqrasiyanı və logistika ittifaqının
möhkəmlənməsini təşviq edən təşəbbüs kimi qiymətləndirilir”, – deyə
o yekunlaşdırıb.