Bakı. Trend:
Azərbaycanda yeni doğulan uşaqlara ad verilməsi ilə bağlı hüquqi
tənzimləmələr yenilənir. Mövcud qanunvericiliyə əsasən ad seçimi
valideynlərin razılığı ilə həyata keçirilsə də, bu proses müəyyən
hüquqi və etik çərçivələr daxilində baş verməlidir. Son
statistikalar göstərir ki, ölkədə ad və ata adının dəyişdirilməsinə
maraq ilbəil artır.
Uşağın mənafeyinə zərər vura biləcək, cinsinə uyğun
olmayan və ya gülünc ad verilməməlidir
Trend-in
sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, Ailə
Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağa ad valideynlərin razılığı
ilə verilir:
“Valideynlərə ad seçimi zamanı AMEA Nəsimi adına Dilçilik
İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan şəxs adlarının izahlı
lüğəti”ndən və ya Ədliyyə Nazirliyinin rəsmi saytındakı adlar
bölməsindən istifadə etmək tövsiyə olunur.
Hazırda ölkədə rəsmi qadağan edilmiş adların siyahısı mövcud
deyil. Lakin Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79
nömrəli qərarına əsasən uşağın mənafeyinə zərər vura biləcək,
cinsinə uyğun olmayan və ya gülünc adların verilməsinə yol
verilmir.
Eyni zamanda “Azərbaycan Respublikasında dövlət dili haqqında”
Qanuna əsasən adlar, ata adları və soyadlar Azərbaycan dilinin
orfoqrafiya və orfoepiya normalarına uyğun yazılmalıdır”.
Statistik göstəricilər:
Ədliyyə Nazirliyinin məlumatına əsasən 01.12.2025-ci ildən bu
günədək 476 nəfərin adı, ata adı və ya soyadı dəyişdirilib.
Bunlardan 357 nəfər qadın, 119 nəfər isə kişilərdir.

2025-ci ilin əvvəlindən 1 dekabradək isə 1206 nəfərin adı və ya
ata adı dəyişdirilib (849 nəfər qadın, 357 nəfər kişi).
Statistikadan göründüyü kimi, addəyişdirmə üçün müraciət
edənlərin arasında qadınlar üstünlük təşkil edir.
Yaş qruplarına görə:
18–29 yaş: 710 nəfər
30–39 yaş: 308 nəfər
40–49 yaş: 107 nəfər
50–59 yaş: 52 nəfər
60+ yaş: 29 nəfər
Ad dəyişdirilməsi üçün əsas səbəblər kimi aşağıdakılar
göstərilib:
tərbiyə edən şəxsin adı ilə ata adı daşımaq istəyi,
adın pis səslənməsi,
çətin tələffüz olunması,
şəxsi narazılıq və digər səbəblər.
Son 5 ildə uşaqlara verilən qeyri-adi
adlar:
Ədliyyə Nazirliyinin rəsmi saytındakı adlar bölməsində son 5
ildə uşaqlara verilən adlar arasında bəzi qeyri-adi adlar diqqət
çəkir. Belə ki, ötən 5 il ərzində uşaqlara Alov (2), Ehsan (2),
Əmənulla (2), Gilə (2), İqlimə (1), Mahama (4), Piyalə (2), Səyahət
(1), Təbib (2), Ocaq (1) kimi adlar verilib.
Dilçilik İnstitutu yalnız düzgün yazılış qaydalarını
izah edir
Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri
Sayalı Sadıqova bildirib ki, onlara adların düzgün yazılışı və
mənşəyi ilə bağlı suallar ünvanlanır:
“Ad qeydiyyat idarələrində qoyulur. Biz isə, məsələn, valideyn
uşağına “Mazahır” adını qoymaq istəyirsə, onun düzgün yazılışı
cavablandırırıq”.
Bəzi adlar uşaqlarda utancaqlıq, stress, daxili
gərginlik, bəzi hallarda isə depresiya yaradır
42 nömrəli məktəbin psixoloqu Aytən Hüseynzadə isə uşağa verilən
adın onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynadığını
bildirib. Psixoloqun sözlərinə görə, bəzi hallarda dünyasını
dəyişmiş qohumların adlarının verilməsi uşağın üzərində psixoloji
yük yarada bilər:
“Bəzən valideynlər uşaqlarına qəribə və ya fərqli adlar qoymağa
üstünlük verirlər. Lakin çox vaxt nəzərə alınmır ki, uşağa verilən
ad onun şəxsiyyətinin formalaşmasında ilk və mühüm amillərdən
biridir. Ad insanın kimliyinin başlanğıcı, özünü dərk etməsinin
ilkin işarəsidir.
Bəzi hallarda isə mentalitetin təsiri ilə uşaqlara dünyasını
dəyişmiş qohumların adları verilir. Bu zaman uşaq sanki həmin
şəxsin yolunu, taleyini və ya missiyasını davam etdirməli imiş kimi
qəbul olunur. Bu cür gözləntilər uşağın üzərində görünməz bir
psixoloji yük yarada bilər.
Araşdırmalar və müşahidələr göstərir ki, tələffüzü çətin, qulağa
xoş gəlməyən, yaxud mənası ağır emosional yük daşıyan adlar
uşaqlarda utancaqlıq, stress, daxili gərginlik, bəzi hallarda isə
depressiv əlamətlərin formalaşmasına səbəb ola bilir.
Uşağa ad seçimi unikal və düşünülmüş
olmalıdır. Çünki hər ad özündə müəyyən məna, enerji və mesaj
daşıyır və bu da uşağa yanaşma tərzinə, onun özünü necə hiss
etməsinə birbaşa təsir edir.
Asan tələffüz olunan, qulağa xoş gələn, eyni zamanda özünəinam
və güvən hissi aşılayan adların seçilməsi uşağın gələcək həyatında,
şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır”.
Təhsil sənədlərinin hamısında adı yenidən dəyişməyə
ehtiyac yoxdur
Hüquqşünas Əkrəm Həsənov bildirib ki, adını dəyişmək istəyən
şəxs Ədliyyə Nazirliyinin qeydiyyat idarəsinə müraciət
etməlidir:
“Ərizə əsasında əvvəl şəxsiyyət vəsiqəsi, sonra digər rəsmi
sənədlər dəyişdirilir. Əgər orta məktəb attesstatı, diplomunda da
addəyişmə etmək istəyirsə, yenə müvafiq qaydada müraciətlər
edilməlidir”.
Hüquqşünas qeyd edib ki, təhsil sənədlərinin hamısında adı
yenidən dəyişməyə də bilər. Bu halda addəyişmə haqqında
şəhadətnaməni təqdim etməklə adının dəyişdiyini göstərə bilər”.
Araşdırma göstərir ki, ad seçimi təkcə estetik məsələ deyil,
həm də hüquqi, psixoloji və sosial məsuliyyətdir. Uşağa verilən ad
onun gələcək həyatına, özünü dərk etməsinə və cəmiyyətlə
münasibətlərinə birbaşa təsir göstərir.

