
Bakı. Trend:
Avropa İttifaqı Venesuelada baş vermiş güclü zəlzələnin
nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə 5 milyon avro
məbləğində təcili yardım ayırıb.
Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik
məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Venesuela prezidentinin
səlahiyyətli nümayəndəsi Delsi Rodrigeslə keçirdiyi telefon
danışığından sonra X sosial şəbəkəsində paylaşım edib.
Kallas bildirib ki, telefon danışığı zamanı zəlzələnin yaratdığı
ağır vəziyyət müzakirə olunub. Onun sözlərinə görə, Aİ zərər çəkmiş
yaşayış məntəqələrinə operativ humanitar yardım göstərilməsi üçün
artıq 5 milyon avro vəsait ayırıb. Bundan əlavə, Avropa Mülki
Müdafiə Mexanizmi aktivləşdirilib və bir sıra üzv ölkələr hadisə
zonasına axtarış-xilasetmə qrupları, yanğınsöndürənlər və tibb
işçiləri göndəriblər.
O, həmçinin qeyd edib ki, Aİ-nin “Kopernik” peyk sistemi də
Venesueladakı xilasetmə əməliyyatlarına dəstək verir. Sistem əldə
olunan məlumatlar vasitəsilə yardımın ən çox ehtiyac duyulan
bölgələrə daha səmərəli çatdırılmasına imkan yaradır.
Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında
qeydə alınıb. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı
iki güclü yeraltı təkan baş verib. Zəlzələlərin episentrləri
Yaracuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə
yerləşib. Təbii fəlakətdən sonra bölgədə təxminən 300 afterşok
qeydə alınıb.

