DÇ-2026: K qrupunda pley-offa vəsiqə qazanan komandalar müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə dünya çempionatında K qrupunun sonuncu – III turunun
oyunlarına yekun vurulub.

Qrupun mərkəzi qarşılaşmasında Kolumbiya və Portuqaliya
yığmaları üz-üzə gəliblər. Mayami stadionunda keçirilən görüşdə
hesab açılmayıb – 0:0. Bu nəticədən sonra xallarını 7-yə çatdıran
Kolumbiya qrup lideri kimi pley-offa adlayıb. Portuqaliya isə 5
xalla qrupu ikinci sırada tamamlayaraq 1/16 finala vəsiqə
qazanıb.




Qrupun digər həlledici oyunu Atlanta stadionunda Konqo
Demokratik Respublikası və Özbəkistan seçmələri arasında keçirilib.
Görüş Afrika təmsilçisinin 3:1 hesablı əzmkar qələbəsi ilə
yekunlaşıb. Matçda hesabı 10-cu dəqiqədə Özbəkistan millisinin
hücumçusu Eldor Şomurodov açsa da, Konqo geridönüş etməyi bacarıb.
Afrika komandasına qələbə gətirən qolları Yoan Vissa (68-ci dəqiqə
penaltidən, 90+1-ci dəqiqə) və İbrahim Mayele (78-ci dəqiqə)
vurublar.

Bu vacib qələbə sayəsində Konqo yığması da turnirin pley-off
mərhələsinə yüksəlməyi rəsmiləşdirib. Özbəkistan isə dünya
çempionatı ilə vidalaşıb.