
Bakı. Trend:
Futbol üzrə 2026-cı il dünya çempionatının qrup mərhələsi başa
çatdıqdan sonra “Qızıl buts” uğrunda mübarizədə vəziyyət
aydınlaşıb.
Bombardirlər siyahısına Argentina millisinin kapitanı Lionel
Messi başçılıq edir. O, üç oyunda 6 qol vurub.
İordaniya ilə qarşılaşmada sonradan meydana daxil olan Messi
hesabını daha da artıraraq turnirdəki altıncı qolunu vurub.
Messini hazırda dörd futbolçu izləyir. Kilian Mbappe, Usman
Dembele, Vinisius Junior və Erlinq Holandın aktivində dörd qol var.
Mbappe bununla yanaşı iki, Dembele isə bir məhsuldar ötürmə edib
ki, bu da yekunda bərabərlik yaranacağı halda həlledici amillərdən
biri ola bilər.
Turnirin ən xoş sürprizlərindən biri Almaniya millisinin
hücumçusu Deniz Undavdır. O, əsas heyətdə daimi yer almamasına
baxmayaraq, artıq üç qol və iki məhsuldar ötürmə ilə mundialın ən
məhsuldar futbolçularından birinə çevrilib.
Üç qol vuranlar sırasında həmçinin Coel Manzambi (İsveçrə),
İsmaila Sarr (Seneqal), Brayan Brobbi (Niderland), Mateus Kunya
(Braziliya), Conatan Devid (Kanada), Elayca Cast (Yeni Zelandiya),
Harri Keyn (İngiltərə), İlyas Saibari (Mərakeş) və Yoan Vissa (DR
Konqo) yer alırlar.
“Qızıl buts” uğrunda mübarizənin pley-off mərhələsində daha da
gərgin keçəcəyi gözlənilir. İlk beşlikdə qərarlaşan futbolçuların
hamısı mundialda çıxışını davam etdirir və hesablarını artırmaq
imkanı qazanacaq. Xüsusi diqqət isə Lionel Messiyə yönəlib.
Argentina kapitanı təkcə DÇ-2026-nın bombardiri deyil, həm də dünya
çempionatları tarixinin ən məhsuldar futbolçusu kimi yeni
rekordlara imza atmağa davam edir.

