
Bakı. Trend:
2025-ci ildə “Qazaxıstan Temir Jolu” Səhmdar Cəmiyyətinin (KTJ)
dəmir yolu şəbəkəsi ilə Azərbaycana daşınan taxılın həcmi 2024-cü
illə müqayisədə 3 dəfə artıb.
Bu barədə Trend
KTJ-yə istinadən xəbər verir.
Şirkətdən bildirilib ki, İrana daşımalar 69 faiz, Əfqanıstana
isə 63 faiz artıb. Baltikyanı ölkələrə daşımalar 6 dəfə artaraq 800
min tondan çox təşkil edib. Eyni zamanda, Qara dəniz və Baltik
dənizi limanlarına daşımalar müvafiq olaraq 49 və 67 faiz
artıb.
Bundan əlavə, Qazaxıstan daxilində daxili daşımalar 26 faiz
artaraq 3,3 milyon tonu ötüb. Artım Mərkəzi Asiya ölkələri
istiqamətində də qeydə alınıb: Qırğızıstana daşımalar 2 dəfə,
Tacikistana 12 faiz artaraq 1,4 milyon tona, Özbəkistana isə 32
faiz artaraq 4,5 milyon tona çatıb.
Ümumilikdə, 2025-ci ilin yekunlarına görə, KTJ şəbəkəsi üzrə
taxıl daşımalarının həcmi 14,3 milyon tonu ötüb ki, bu da 2024-cü
ilin analoji dövrü ilə müqayisədə 31 faiz çoxdur. İxracın həcmi isə
11 milyon ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 33 faiz
artım deməkdir. Şirkətdə qeyd olunub ki, bu göstəricilər son 10
ildə ilk dəfə qeydə alınıb.


