
Bakı. Trend:
Mərkəzi Bank tərəfindən xüsusi tənzimləmə rejimi çərçivəsində
fəaliyyətin təşkili və idarə olunması üzrə proseslər davam
etdirilir. Xüsusi tənzimləmə rejimin ikinci qəbul dövrü üzrə
innovativ məhsulların sınaqdan keçirilməsi məqsədilə daxil olmuş 14
müraciətin qiymətləndirilməsi prosesi başa çatdırılıb.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Qiymətləndirmə nəticəsində müraciətlər arasından 4 innovativ
məhsul seçilərək xüsusi tənzimləmə rejimində, məhdud şərtlərlə
sınaqdan keçirilmək üçün uyğun hesab edilib.
Xüsusi tənzimləmə rejimində sınaqdan keçiriləcək məhsullar
aşağıdakılardır:
“ABB” ASC tərəfindən təqdim edilən “İslam bankçılığı”
çərçivəsində Murabaha məhsulu
“Rabitəbank” ASC tərəfindən təqdim edilən “İslam bankçılığı”
çərçivəsində Mudaraba və Murabaha məhsulu
“PAŞA Sığorta” ASC tərəfindən təqdim edilən “Könüllü sığorta
məhsullarının hədiyyə vauçerləri vasitəsilə əldə olunması”
məhsulu
“BİTAZN” MMC tərəfindən təqdim edilən “BİTAZN kriptovalyuta
birjası” məhsulu
Qeyd olunan məhsullar məhdud çərçivədə və Mərkəzi Bankın
nəzarəti altında 6 ay müddətində sınaqdan keçiriləcək.
Xatırladaq ki, xüsusi tənzimləmə rejimi innovativ xidmət və
məhsulların bazara təqdim edilməsinə, ölkəmizdə maliyyə
inklüzivliyinin artırılmasına, həmçinin maliyyə xidmətlərinin
istifadəçilər üçün təhlükəsizliyinin və əlçatanlığının daha da
yüksəldilməsinə xidmət edir.
Xüsusi tənzimləmə rejimi, eləcə də sınaqdan keçiriləcək
məhsullar barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanış
ola bilərsiniz: https://sandbox.cbar.az/az/registry


