Azərbaycan–Böyük Britaniya əməkdaşlığının perspektivləri müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovla
ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə
ticarət elçisi Lord Con Olderdays arasında görüş keçirilib.

Trend xəbər verir ki, bu
barədə RİNN məlumat yayıb.

Ticarət elçisinə son 20 ildə ölkədə nəqliyyat və kommunikasiya
infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən layihələr
barədə ətraflı məlumat verilib. Azərbaycanın Mərkəzi Asiya, eləcə
də Orta Dəhliz üzərində yerləşən digər ölkələrlə fəal əməkdaşlığı
nəticəsində son illərdə bu dəhlizlə daşımaların həcminin bir neçə
dəfə artdığı qeyd olunub.




Görüşdə Zəngəzur dəhlizinin tikintisi üzrə görülən işlər barədə
məlumat verilib, layihənin regional kommunikasiyaların
şaxələndirilməsinə, eləcə də bölgədə davamlı sülh və rifahın
dəstəklənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.

Həmçinin Azərbaycanla Birləşmiş Krallıq arasında tərəfdaşlığın
gündəliyində olan prioritet fəaliyyət istiqamətləri, o cümlədən
aviasiya və dəmiryol nəqliyyatı, süni intellekt,
kibertəhlükəsizlik, rəqəmsal bilik və bacarıqlara malik insan
kapitalının inkişafı üzrə birgə fəaliyyətin perspektivlərinə dair
fikir mübadiləsi aparılıb.