Prezident İlham Əliyev: Hazırda tikilən “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək (TAM NİTQ)

Baş səhifə

Bratislava. Trend:

Hazırda tikilən “Ağıllı kənd” Slovakiyanın azad olunmuş
ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu
Prezident İlham Əliyev Bratislavada Slovakiya Prezidenti Peter
Pelleqrininin adından verilən rəsmi ziyafətdə deyib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli cənab Prezident, əziz qonaqlar.

İlk növbədə, cənab Prezident, Slovakiyaya rəsmi səfərə dəvət
etdiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm.
Qonaqpərvərliyinizə və dostluğunuza görə minnətdaram. Biz uzun
müddətdir ki, bir-birimizi tanıyırıq, dəfələrlə görüşmüşük. Lakin
bu, xüsusi statusa malik rəsmi səfərdir. Səfər böyük hörmətə və
rəğbətə layiq, həqiqi dost olan ölkəyə həyata keçirilir.
Ölkələrimiz kifayət qədər bir-birindən uzaqda yerləşsə də, Siz
xalqlarımız arasında oxşarlığı qeyd etdiniz. Bu fikirlərinizə tam
şərik çıxıram.

Aramızda çox oxşarlıqlar mövcuddur. Əsrlər boyu böyük
imperiyaların tərkibində olmuşuq. Biz sosialist blokun dövlətləri
hesab edilən ölkələrdə yaşamışıq. Müstəqil deyildik.
Müstəqilliyimizin çox məhdud hüdudları olub. Demək olar ki, eyni
vaxtda – 1990-cı illərin əvvəllərində əsl müstəqil ölkələr olduq. O
vaxt müstəqilliyi və bütün təsisatları, həmçinin gələcəyimizi
sıfırdan qurmalı idik. İndi isə 30 ildən bir qədər artıq müddətdə
Slovakiyanın əldə etdiyi tərəqqiyə nəzər salsaq görərik ki, həmin
irəliləyiş xalqınızın güclü iradəsi, tarixiniz, mədəniyyətiniz və
milli mənsubiyyətiniz sayəsində əldə olunub. Bu gün böyük təəssürat
bağışlayan qədim Qəsrdə birgə olduğumuz zaman mən bir daha
enerjili, müqavimətli və müstəqil siyasət yürütməkdə bacarıqlı
olmağınızın mənbəyini gördüm.

Əsrlər boyu milli mənsubiyyətinizi qoruyub saxlaya bilmisiniz,
baxmayaraq ki, bu, asan deyildi. Çox millətlər tarix boyu
assimilyasiyaya uğrayıb. Bir çox millətlər dövləti qurmaq,
dövlətçiliyi qoruyub saxlamaq bacarığını əldən buraxdılar. Lakin
Siz bu vəzifənin öhdəsindən gəldiniz. Bu gün Slovakiya adambaşına
düşən ümumi daxili məhsula, sənayenin inkişafına, insan kapitalına
və yaşayış standartlarına görə aparıcı ölkələrdən biridir. Ölkəniz
uğur qazanmaq, öz milli mənsubiyyətini, ləyaqətini qoruyub saxlamaq
və dostluq qurmaq istəyən ölkələr üçün örnək ola bilər. Biz
Azərbaycanda Slovakiyanı olduqca sülhsevər, dostluğu və imkanları
yaradan, dostluğu dəyərləndirən ölkə kimi görürük. Bütün bunlar
aramızdakı münasibəti əks etdirir.

Cənab Prezident, biz bu gün təsisat inkişafı səviyyəsinə
yüksəlmiş əməkdaşlığın, faktiki olaraq, çərçivəsini Sizinlə birgə
yaratdıq.

Siz ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni
qeyd etdiniz. Həqiqətən biz münasibətləri mümkün qədər ən yüksək
səviyyəyə qaldırdıq. Bu gün görüşlər və müzakirələr zamanı, eləcə
də tarixi yerləri ziyarət edərkən biz nailiyyətləri bir daha
gördük. Çox böyük potensialın şahidi olduq. Əldə olunmuş bu cür
əməkdaşlıq daha güclü körpüləri salmaq imkanını yaradacaq, nəinki
ikitərəfli gündəlik əsasında işləmək və işi davam etdirmək, o
cümlədən qonşular üçün imkanları yaradacaq. Aramızda çox dayanıqlı
bağlantılar qurulacaq. Energetika infrastrukturu artıq bizi
bir-birimizə bağlayır.

Biz tərəfdaşlığımızın müxtəlif sahələrində fəal çalışırıq və
əminəm ki, rəsmi səfərim işbirliyimizə əlavə təkan verəcək. Biz
Slovakiyada dostları, mehribanlığı, hörməti görürük və Sizin
xalqınıza, hökumətinizə, Slovakiya dövlətinə eyni hisslər
bəsləyirik. Mən, cənab Prezident, tərəfdaşlığımıza verdiyiniz bütün
töhfələrinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Sizi
Prezident kimi rəsmi səfərə dəvət etmək istərdim. Siz həm Baş
nazir, həm Parlament spikeri kimi bizə səfər etmisiniz, lakin
Prezidentin rəsmi səfərinin, əlbəttə ki, xüsusi statusu var. Ümid
edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm.

Mən, həmçinin Qarabağın yenidən qurulmasına verdiyiniz dəstəyə
görə Sizə və Slovakiyadakı dostlarımıza minnətdaram. Hazırda
tikilən “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə
etdiyi uğurun rəmzinə çevriləcək. 851 ev və 10 yaşayış binasından,
eləcə də məktəb, uşaq bağçası və tibbi mərkəzdən ibarət kənd
nailiyyətlərinizin və əbədi dostluğumuzun təzahürü olacaq. İşğaldan
azad edilmiş ərazilərin bərpası bu gün Azərbaycanın bir nömrəli
hədəfidir. Slovakiya nəinki bu işlərdə, o cümlədən minalardan
təmizləmədə bizə yardım edir.

Slovakiyadan aldığımız xüsusi avadanlıq insan həyatını xilas
etməyə, sağlamlığı qorumağa imkan yaradır. Əfsuslar ki, 2020-ci
ildə İkinci Qarabağ müharibəsi bitdikdən sonra 400-dən artıq insan
minalara görə öz həyatını itirib, yaxud ciddi yaralanıb. Sizdən
aldığımız avadanlıq həqiqətən insan həyatını qoruyur.

Qonaqpərvərliyinizə görə bir daha minnətdaram.