
Bakı. Trend:
UNEC beynəlxalq elmi
reytinqlərdə növbəti dəfə böyük uğura imza atıb.
Times Higher Education (THE) tərəfindən açıqlanan Sahələrarası
Elm Reytinqi 2026 (Interdisciplinary
Science Rankings 2026) nəticələrinə əsasən, UNEC Azərbaycan və
Cənubi Qafqazda 1-ci, dünya universitetləri arasında isə 351-400-cü
pilləyə yüksəlib. Bu nəticə ilə UNEC sahələrarası elmin inkişafında
tanınmış ali təhsil müəssisələri sırasına daxil olub.
Bu uğur “UNEC-100” İnkişaf Strategiyasına uyğun olaraq həyata
keçirilən ardıcıl tədbirlərin real bəhrəsidir. Strategiya
çərçivəsində UNEC-də tədqiqat universiteti statusunun
möhkəmləndirilməsi, sahələrarası elmi məktəblərin gücləndirilməsi,
yüksək impakt faktorlu nəşrlərin sayının artırılması və innovasiya
mərkəzi kimi fəaliyyətin genişləndirilməsi istiqamətində
məqsədyönlü tədbirlər həyata keçirilib. Məhz bu reytinqdə yer almaq
UNEC-in beynəlxalq elmi reputasiyasının möhkəmlənməsinə, dünyanın
nüfuzlu universitetləri ilə əməkdaşlıq imkanlarının genişlənməsinə,
istedadlı magistr və doktorantların, eləcə də beynəlxalq elmi
layihələrin cəlb edilməsinə təkan verəcək.
Ən önəmlisi isə bu nailiyyət Prezident İlham Əliyevin “dünya
səviyyəli universitet olmaq” tapşırığının icrası istiqamətində
UNEC-in atdığı böyük addımdır.

