Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Baş səhifə

Bakı. Trend:

İyulun 28-də Belqrad şəhərində Azərbaycan Respublikası və
Serbiya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi
məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə
xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya
Respublikasının nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin
dövlət katibi Damyan Yoviç rəhbərlik edib.

Görüş zamanı, iki ölkə arasında strateji tərəfdaşlığın
gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar
sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri
müzakirə olunub. Tərəflər, həmçinin beynəlxalq platformalarda
qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də iki ölkə
arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində
görüləcək işlər ətrafında fikir mübadiləsi aparıblar.

Siyasi məsləhətləşmələr çərçivəsində, Azərbaycanın regionda
dayanıqlı sülh və əməkdaşlığın təşviqi istiqamətində atdığı
addımlar, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin
yaratdığı humanitar çağırışlar, eləcə də həmin ərazilərdə həyata
keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri barədə
ətraflı məlumat verilib.

Səfər çərçivəsində, F. Rzayev həmçinin Serbiya Respublikası
Prezidentinin müşaviri Tatyana Yoviç və Serbiya Respublikası Milli
Assambleyasının sədr müavini, Xarici İşlər Komitəsinin sədri Marina
Raquş ilə görüşlər keçirib, eləcə də Serbiyanın Beynəlxalq Siyasət
və İqtisadi Araşdırmalar İnstitutunda tədqiqatçılar və ekspertlərlə
təşkil olunmuş dəyirmi masa müzakirələrində iştirak edib.