“Səssiz təhlükə” qaraciyəri necə məhv edir? – Səhiyyə Nazirliyinin mütəxəssisi

Baş səhifə

Bakı. Trend:

Hər il 28 iyul Ümumdünya Hepatit Günü kimi qeyd olunur. Tarix
hepatit B virusunu kəşf edən və ona qarşı ilk peyvəndi yaradan alim
Barux Blamberqin doğum gününə təsadüf edir.

Ümumdünya Hepatit Günü münasibətilə Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, qastroenteroloq-hepatoloq Emin Məmmədov virus
hepatitlərinin diaqnostikası, müalicəsi və qarşısının alınması ilə
bağlı sualları cavablandırıb.

– Ümumdünya Hepatit Günü münasibətilə vətəndaşlara hansı
əsas mesajları çatdırmaq istərdiniz? Hepatitin vaxtında
diaqnostikası, müalicəsi və qarşısının alınması üçün hansı
addımları atmağı tövsiyə edirsiniz?

– Ən vacib mesaj odur ki, virus hepatitləri “səssiz”
xəstəliklərdir. B və C hepatiti çox vaxt heç bir əlamət göstərmədən
illərlə davam edir. Bu müddət ərzində qaraciyər sakitcə zədələnir.
İnsanların böyük əksəriyyəti xəstə olduğunu bilmir və müalicə
imkanını əldən verir. Zədələnmə davam etdikcə xəstəlik qaraciyər
sirrozuna, sonra isə qaraciyər xərçənginə qədər gedib çıxa
bilir.

Yaxşı xəbər isə odur ki, bu gün əlimizdə güclü vasitələr var.
Hepatit B peyvənd vasitəsilə qarşısı alınan, hepatit C isə əksər
hallarda tam sağalan xəstəlikdir.

Vətəndaşlara tövsiyələrim sadədir. Birincisi, analiz verin.
Hepatit B və C adi qan analizi – HBsAg və anti-HCV testləri
vasitəsilə aşkarlanır. Xüsusən keçmişdə qan köçürülməsi, cərrahi və
ya diş müdaxiləsi keçirənlər, steril olmayan alətlərlə manikür,
döymə və pirsinq etdirənlər, damardaxili narkotik vasitələr
istifadə edənlər və hepatit daşıyıcısı ilə eyni evdə yaşayanlar
mütləq yoxlanmalıdırlar.

İkincisi, peyvəndlənin. Hepatit B peyvəndi təhlükəsizdir,
yenidoğulmuşlara vurulur və peyvəndlənməmiş böyüklər də istənilən
yaşda vaksinasiya oluna bilərlər.

Üçüncüsü, ötürülmə yollarını aradan qaldırın. Ülgüc, diş
fırçası, dırnaq alətləri kimi şəxsi əşyaları paylaşmayın. Əgər
diaqnoz qoyularsa, əlamətlərin yaranmasını gözləmədən dərhal
mütəxəssisə müraciət edin. Çünki erkən başlanan müşahidə və müalicə
qaraciyəri ağır fəsadlardan qoruyur.

– Kimlər hepatit üçün analiz verməlidir və peyvəndin
qarşısının alınmasındakı rolu nə dərəcədə
əhəmiyyətlidir?

– Hepatitə yoluxma riski yüksək olan qrupa qan və qan məhsulları
köçürülənlər, hemodializ alan böyrək xəstələri, tibb işçiləri,
hepatit daşıyıcısının cinsi partnyoru və ailə üzvləri, həmçinin
anası hepatit B daşıyıcısı olan uşaqlar daxildir.
Əksər ölkələrdə yetkinlik yaşında olan şəxslər ömründə heç olmasa
bir dəfə hepatit B və C testindən keçməsi məsləhət görülür.
Testlərin həm ucuz, həm də sürətli olması bunu real edir.

Peyvəndə gəldikdə isə, hepatit B-yə qarşı peyvənd ən güclü
qoruyucu vasitəmizdir. Doğuşdan sonrakı ilk 24 saat ərzində vurulan
doza və sonrakı dozalar yenidoğulmuşların təxminən 95 faizini
infeksiyadan qoruyur. Bu isə, gələcəkdə qaraciyər xərçənginin
qarşısını almaq üçün ən təsirli addımlardan biridir.

Hepatit C-yə qarşı hələ ki peyvənd yoxdur. Ona görə də, bu
virusdan qorunmaq ilk növbədə qan təhlükəsizliyinə və şəxsi
gigiyena qaydalarına əməl etməkdən asılıdır. Ailəsində hepatit B
daşıyıcısı olan şəxslər həm test olunmalı, həm də immunitetləri
yoxdursa peyvəndlənməlidirlər.

– Son illərdə hepatit B və xüsusilə hepatit C-nin
müalicəsində hansı yeniliklər tətbiq olunub və bu yeniliklər
xəstələrin sağalma göstəricilərinə necə təsir edib?




– Hepatit C-nin müalicəsində son on ildə əsl dönüş yaşanıb.
Əvvəllər müalicə interferon iynələrinə əsaslanırdı: aylarla davam
edir, ağır yan təsirlər verir və xəstələrin yalnız təxminən
yarısını sağaldırdı. 2013–2014-cü illərdən etibarən isə birbaşa
təsirli antiviral preparatların tətbiqinə başlanıb. Hepatit C qısa
müddətli müalicə kursu ilə orqanizmdən tamamilə təmizlənə bilən
xəstəliyə çevrilib.

Hepatit B-də hələ ki, tam sağalma mümkün olmasa da, xəstəliyi
effektiv nəzarətdə saxlamaq mümkündür. Yüksək müqavimət baryeri
olan preparatlar virusun çoxalmasını davamlı şəkildə dayandıraraq
onu inaktiv vəziyyətə salır. Adətən gündə bir həb qəbulu kifayət
edir. Bu, sirrozun inkişaf riskini azaldır və qaraciyər xərçəngi
ehtimalını əhəmiyyətli dərəcədə aşağı salır. Son illərdə müalicəyə
başlama meyarları sadələşdirilir və genişləndirilir, daha çox xəstə
erkən mərhələdə müalicəyə cəlb oluna bilir.

Nəticədə mənzərə tamamilə dəyişib. Hepatit C sağalan, hepatit B
isə effektiv şəkildə nəzarətdə saxlanılan xəstəliyə çevrilib.
Hepatit C-dən sağalan xəstələrdə qaraciyərdə iltihab azalır, hətta
erkən mərhələdə olan fibrozun geriyə dönməsi də mümkündür.

– Hepatit diaqnozu qoyulan xəstələr müalicəyə nə vaxt
başlamalıdırlar? Müalicənin gecikdirilməsi hansı fəsadlara səbəb
ola bilər?

– Hepatit C-də cavab çox aydındır. Xroniki infeksiyası
təsdiqlənən hər bir xəstə diaqnoz qoyulan kimi müalicəyə
başlamalıdır. Qaraciyərin ciddi zədələnməsini gözləməyə ehtiyac
yoxdur. Əksinə, müalicə nə qədər erkən başlanarsa, sirroz və
qaraciyər xərçəngi riski bir o qədər azalır.

Burada daşıyıcılıq anlayışı yoxdur, yəni “gözləyim, sadəcə
nəzarətdə olum” prinsipi işləmir. Virus hər gün qaraciyəri daha çox
zədələyir və prosesi geri dönməz mərhələyə çatdıra bilər.

Hepatit B-də vəziyyət bir qədər fərqlidir. Bütün daşıyıcılar
dərhal antiviral preparat qəbul etmir. Müalicə qərarı virusun
mərhələsindən – virus yükündən, qaraciyər fermenti ALT-ın
səviyyəsindən, fibrozun dərəcəsindən, xəstənin yaşından və ailə
tarixçəsindən asılıdır. Ancaq bu qərarı mütləq mütəxəssis
verməlidir. Müalicə almayan xəstələr belə müntəzəm həkim
nəzarətində qalmalıdırlar.

Sirrozu, HİV və ya hepatit D koinfeksiyası, yaxud ailəsində
qaraciyər xərçəngi olan xəstələr virus yükündən asılı olmayaraq
müalicəyə cəlb edilirlər. Müalicənin gecikdirilməsi ciddi təhlükə
yaradır. Zədələnmə səssiz getdiyi üçün xəstə özünü yaxşı hiss edə
bilər, halbuki qaraciyərdə fibroz artır və zamanla sirroza
çevrilir. Sirroz mərhələsində qarında maye toplanması, qida borusu
venalarından qanaxma və şüurun pozulması kimi ağırlaşmalar meydana
çıxır.

– Müalicəsini uğurla başa vuran hepatit xəstələri üçün
sonrakı müşahidə prosesi necə aparılır? Təkrar yoluxmanın və ya
xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün hansı tövsiyələri
verirsiniz?

– Müalicənin uğurla başa çatması müşahidənin başa çatması demək
deyil. Hepatit C-də sağalma müalicə bitdikdən 12 həftə sonra HCV
RNT testi (SVR12) ilə təsdiqlənir və bu, virusun orqanizmdən tam
təmizləndiyini göstərir.
Bununla belə, iki mühüm məqama diqqət yetirmək lazımdır. Əgər
xəstədə sağalmadan əvvəl artıq irəliləmiş fibroz və ya sirroz
mövcud idisə, virus təmizlənsə belə, qaraciyər xərçəngi riski
qalır. Ona görə də, bu xəstələr ömürboyu, hər altı aydan bir
qaraciyərin ultrasəs müayinəsindən keçməlidirlər.

Digər vacib məqam isə odur ki, sağalma immunitet yaratmır. Yəni
insan yenidən hepatit C virusuna yoluxa bilər. Buna görə, steril
olmayan alətlərdən istifadə etməmək, iynələri paylaşmamaq, eləcə də
immunitet yoxdursa, hepatit A və B-yə qarşı peyvənd olunmaq
vacibdir.

Hepatit B-də müşahidə daha uzunmüddətlidir. Preparat qəbul edən
xəstələrin əksəriyyəti müalicəni uzun illər, çox vaxt isə ömürboyu
davam etdirir. Burada ən böyük risk preparatın özbaşına
dayandırılmasıdır. Bu, virusun yenidən aktivləşməsinə və
qaraciyərin ağır zədələnməsinə səbəb ola bilər. Müntəzəm nəzarət –
virus yükünün, ALT səviyyəsinin və qaraciyərin ultrasəs
müayinəsinin aparılması – mütləqdir.

Hər iki qrup xəstə üçün ümumi tövsiyələrim var: spirtli
içkilərdən imtina edin, çünki alkoqol qaraciyərin zədələnməsini
sürətləndirir. Artıq çəkidən qaçın, çünki qaraciyərin piylənməsi
ona əlavə yük yaradır. Həkimlə məsləhətləşmədən çoxlu dərman və
“bitki mənşəli” əlavələr qəbul etməyin, çünki onların bir qismi
qaraciyər üçün zərərli ola bilər. Müşahidə cədvəlinə ciddi əməl
edin. Sağalmış və ya nəzarətdə saxlanılan qaraciyər də davamlı
diqqət və qayğı tələb edir.