Ombudsman Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) nümayəndələri Suriya Ərəb Respublikasından
Azərbaycana repatriasiya olunan vətəndaşlarla görüş keçiriblər.

Bu barədə Ombudsman Aparatının rəsmi saytında məlumat
dərc edilib.

Xatırladaq ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən
mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və
19 iyul tarixlərində Suriyadan 7-si qadın, 9-u uşaq olmaqla
ümumilikdə 16 Azərbaycan vətəndaşı
ölkəyə gətirilib.




Bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin
müvafiq müəssisəsində yerləşdirilən repatriantlarla görüşərək
onların hüquqlarının təmin olunması vəziyyətini və mövcud
ehtiyaclarını öyrəniblər.

Görüş zamanı qadın və uşaqların hüquq və azadlıqlarının
müdafiəsi, eləcə də Ombudsmanın fəaliyyəti və mandatı barədə
repatriantlara ətraflı məlumat verilib.

Həmçinin müəssisə rəhbəri tərəfindən əməkdaşların
repatriantların reabilitasiyası istiqamətində göstərdikləri
xidmətlər barədə məlumat təqdim olunub. Görüşün yekununda aparılan
müzakirələr əsasında müəssisə əməkdaşlarına müvafiq tövsiyələr
verilib.