Yanvar-iyun aylarında Azərbaycandan İtaliyaya ixrac olunan neftin həcmi açıqlandı

Baş səhifə

Bakı.Trend:

Cari ilin yanvar–iyun aylarında Azərbaycandan İtaliyaya 3,495
milyard ABŞ dolları dəyərində 5,915 milyon ton bitumlu süxurlardan
əldə edilən xam neft və neft məhsulları ixrac olunub.

Trend-in Dövlət
Gömrük Komitəsinin açıqladığı Azərbaycanın xarici ticarətinin
gömrük statistikası məlumatları əsasında apardığı hesablamalara
görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 107 milyon ABŞ dolları və ya 3 faiz, həcm baxımından isə
906 min ton və ya 13,3 faiz azdır.

Komitənin məlumatına əsasən, ötən ilin yanvar–iyun aylarında
Azərbaycandan İtaliyaya 6,821 milyon ton bitumlu süxurlardan əldə
edilən xam neft və neft məhsulları ixrac olunub. Bu ixracın dəyəri
isə 3,602 milyard ABŞ dolları təşkil edib.

Qurumun məlumatına görə, cari ilin yanvar–iyun aylarında
Azərbaycandan dünya ölkələrinə ümumilikdə 6,231 milyard ABŞ dolları
dəyərində 10,125 milyon ton bitumlu süxurlardan əldə edilən xam
neft və neft məhsulları ixrac edilib.

Cari ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük üç
idxalçısı sırasında ilk yeri İtaliya tutur (5,915 milyon ton, 3,495
milyard ABŞ dolları). Sonrakı yerlərdə Çexiya (705,8 min ton, 497,4
milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min ton, 253,1 milyon ABŞ
dollarından çox) qərarlaşıb.




İtaliya Azərbaycan üçün təkcə neft deyil, həm də qaz sahəsində
əsas enerji tərəfdaşı olaraq qalır. Ölkə eyni zamanda Azərbaycan
təbii qazının ən böyük idxalçısıdır ki, bu da ikitərəfli enerji
əməkdaşlığının genişmiqyaslı xarakterini əks etdirir.

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin
müavini Edmondo Çirielli Trend-ə özəl müsahibəsində bildirib ki,
yüksək səviyyəli məhsuldar siyasi dialoq çərçivəsində ikitərəfli
əməkdaşlığın dərinləşməsi fonunda İtaliya ilə Azərbaycan arasında
tərəfdaşlığın daha da genişləndirilməsi, eləcə də iqtisadi
əməkdaşlığın strateji neft-qaz sektorundan kənarda şaxələndirilməsi
üçün əlverişli şərait mövcuddur.

Çirielli həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi həm İtaliya,
həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətli
infrastrukturdur.

“Xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra
Azərbaycan qazının tədarükü Avropanın enerji təhlükəsizliyi və
Rusiya qazından imtina prosesinin dəstəklənməsi baxımından kritik
əhəmiyyət kəsb edib. 2020-ci ildə istismara verildiyi vaxtdan
Transadriatik Qaz Kəməri (TAP) artıq İtaliyaya 40 milyard
kubmetrdən çox Azərbaycan qazı nəql edib ki, bu da Bakını ölkəmizin
ikinci ən böyük qaz tədarükçüsünə çevirib”, – deyə o
vurğulayıb.