
Bakı.Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hasilat strukturunda
təbii qazın payının artması şirkət üçün qlobal enerji keçidi ilə
bağlı riskləri azaldır.
Trend-in əldə
etdiyi “Moody’s” beynəlxalq reytinq agentliyinin son proqnozuna
əsasən, SOCAR-ın istehsal portfelində qazın payının artması qlobal
karbonsuzlaşdırma siyasətinin təsirlərini yumşaldır.
“SOCAR aşağı karbonlu iqtisadiyyata keçid, eləcə də ətraf
mühitin çirklənməsi və tullantılarla bağlı risklərə məruz qalır.
Qlobal iqtisadiyyat xam neftdən və fosil yanacaqlardan
uzaqlaşdıqca, emissiyaların azaldılması və karbohidrogen
sızmalarının qarşısının alınması ilə bağlı tələblər sərtləşdikcə,
xüsusilə neft hasilatı ilə məşğul olan şirkətlərə təzyiq artacaq.
SOCAR üçün bu risklər hasilat strukturunda təbii qazın payının
artması hesabına yumşalır”, – deyə “Moody’s”in proqnozunda
bildirilir.
Agentlik qeyd edir ki, şirkətin qaz hasilatının artımı qismən
Fransanın “TotalEnergies” şirkəti tərəfindən işlənilən “Abşeron”
qaz yatağındakı 35 faizlik iştirak payı hesabına təmin olunur.
“Abşeron qaz-kondensat yatağı Azərbaycanın karbohidrogen
ehtiyatlarının işlənilməsi üzrə ən yeni layihələrdən biridir və
ölkədə qaz hasilatının qorunub saxlanmasına töhfə verəcək. Yatağın
ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon tondan çox qaz
kondensatı həcmində qiymətləndirilir. Dənizdə tikinti işlərinə
2020-ci ildə başlanılıb, hasilata isə 2023-cü ilin ortalarında
start verilib. İlkin mərhələdə illik qaz hasilatı təxminən 1,5
milyard kubmetr təşkil edəcək. Layihə SOCAR (35 faiz), “TotalEnergies” (35 faiz) və Abu Dhabi National Oil Company (30
faiz) şirkətlərinin iştirakı ilə yaradılmış birgə müəssisə
tərəfindən həyata keçirilir”, – sənəddə qeyd olunub.
“Moody’s” analitikləri həmçinin vurğulayırlar ki, neft və qaz
hasilatının həcmini qorumaq, coğrafi fəaliyyətini genişləndirmək və
şaquli inteqrasiyanı gücləndirmək məqsədilə SOCAR beynəlxalq
ekspansiyanı sürətləndirərək əsas diqqəti hasilat aktivlərinə
yönəldib.
Belə ki, 2024-cü ildə şirkət “Abu Dhabi National Oil Company”
(ADNOC)-un Umm Lulu və Satah Al Razboot dəniz neft
konsessiyalarında 3 faizlik iştirak payını, 2025-ci ildə isə
İsrailin “Tamar” dəniz qaz yatağında 10 faizlik payı, eləcə də
Kot-d’İvuardakı Baleine dəniz layihəsində 10 faizlik payı əldə
edib.
Bundan əlavə, “Moody’s”in materialında qeyd olunur ki, 2026-cı
ildə SOCAR İtaliyanın ən böyük inteqrasiya olunmuş neft emalı
şirkətlərindən biri olan “Italiana Petroli” şirkətinin 5,5 milyard
manata (təxminən 3,2 milyard ABŞ dolları) alınması prosesini
tamamlayıb.

