
Bakı. Trend:
Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Azərbaycan
Prezidenti İlham Əliyevə telefon zəngi son dövrlər iki ölkə
münasibətləri ətrafında yaranan müzakirələr fonunda xüsusi siyasi
əhəmiyyət daşıyır.
Bu təmas Moskvanın Bakı ilə münasibətləri qarşıdurma deyil,
dialoq və qarşılıqlı maraqlar əsasında inkişaf etdirmək niyyətində
olduğunu göstərən mühüm siqnaldır.
Dövlət başçıları arasında birbaşa əlaqənin baş tutması onu
deməyə əsas verir ki, ikitərəfli münasibətlər strateji maraqlar
prizmasından qiymətləndirilir və mövcud fikir ayrılıqlarının dialoq
yolu ilə həlli prioritet olaraq qalır.
Diqqətçəkən məqamlardan biri də məhz Vladimir Putinin Prezident
İlham Əliyevə zəng etməsidir. Bu, Azərbaycanın regional siyasətdə
artan nüfuzunun və Prezident İlham Əliyevin beynəlxalq müstəvidə
formalaşdırdığı siyasi çəkisinin daha bir göstəricisi kimi
qiymətləndirilə bilər.
Xatırlatmaq kifayətdir ki, Ermənistanın Baş naziri Nikol
Paşinyan uzun müddət Rusiya Prezidenti ilə əlaqə yaratmağa
çalışmış, yalnız müəyyən vaxtdan sonra bu telefon danışığı baş
tutmuşdu. Mövcud fakt V.Putinin Prezident İlham Əliyevə etdiyi
zəngi daha da diqqətçəkən edir.
Rəsmi Bakı: Əlaqələrin genişləndirilməsində
qarşılıqlı maraq təsdiqləndi
Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin yaydığı
məlumata görə, iyulun 28-də Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə telefonla zəng edib.
Telefon danışığı zamanı liderlər ikitərəfli və beynəlxalq
gündəliyin aktual məsələlərini müzakirə ediblər.
Söhbət əsnasında Azərbaycan-Rusiya münasibətlərinin konstruktiv
xarakter daşıdığı, hökumətlər və aidiyyəti qurumlar arasında fəal
dialoqun davam etdiyi vurğulanıb. Həmçinin qarşılıqlı faydalı
əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində hər iki tərəfin
maraqlı olduğu bir daha təsdiqlənib.
Şuşa Forumunda verilən mesaj telefon danışığında
praktik təsdiqini tapdı
Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda
səsləndirdiyi fikirlər də dövlət başçılarının telefon danışığının
siyasi mahiyyətini tamamlayan mühüm mesajlar sırasında yer alır.
Prezident normallaşma, mövcud problemlərin qarşılıqlı hörmət və
dialoq yolu ilə aradan qaldırılması, eləcə də ikitərəfli
münasibətlərin inkişaf etdirilməsinin vacibliyini xüsusi
vurğulamışdı. Son telefon danışığı göstərdi ki, bu yanaşma yalnız
Azərbaycanın deyil, Rusiyanın da maraqları ilə üst-üstə düşür.
Başqa sözlə, Bakı münasibətlərin gələcəyini emosional ritorikada
deyil, praqmatik əməkdaşlıq müstəvisində görür. Telefon danışığı da
məhz bu siyasi xəttin praktik davamı kimi qiymətləndirilə bilər və
iki ölkənin qarşılıqlı maraqlar əsasında əməkdaşlığı davam etdirmək
niyyətini bir daha nümayiş etdirir.
Deputat: Dövlət başçılarının dialoqu münasibətləri
pozmaq istəyən dairələrin planlarını iflasa
uğratdı
Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov Trend-ə açıqlamasında
bildirib ki, son günlər iki ölkə arasında ən yüksək səviyyədə
həyata keçirilən siyasi təmaslar Azərbaycan-Rusiya münasibətlərinin
sağlam məcrada inkişaf etdirilməsi istiqamətində qarşılıqlı
iradənin mövcud olduğunu göstərir.
Onun sözlərinə görə, Prezident Vladimir Putinin Prezident İlham
Əliyevə telefon zəngi də məhz bu siyasi iradənin konkret ifadəsidir
və dialoqun alternativsiz olduğunu nümayiş etdirir.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Media
Forumunda normallaşma, problemlərin konstruktiv həlli və
əməkdaşlığın genişləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər
regionda sabitliyə, qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən
mühüm siyasi xəttdir.
V.İskəndərovun fikrincə, dövlət başçılarının telefon danışığı
son dövrlər Rusiyada Azərbaycan-Rusiya münasibətlərini
gərginləşdirməyə çalışan müəyyən dairələrin planlarını da puça
çıxardı. O bildirib ki, bəzi jurnalistlərin, ekspertlərin,
politoloqların, bloqerlərin və deputatların sərgilədiyi radikal
ritorika dövlətlərin rəsmi mövqeyini əks etdirmir və münasibətlərin
gələcəyini müəyyənləşdirə bilməz.
Deputat hesab edir ki, həmin şəxslər baş verənlərdən düzgün
nəticə çıxarmalı, cəmiyyətlər arasında etimadı sarsıdan və
münasibətlərə zərər vuran şou xarakterli, toksik çıxışlardan imtina
etməlidirlər. Onun sözlərinə görə, Azərbaycan-Rusiya
münasibətlərinin inkişafını dövlət rəhbərlərinin nümayiş etdirdiyi
praqmatik siyasət müəyyən edir.
Radikal ritorika deyil, siyasi iradə münasibətlərin
gələcəyini müəyyənləşdirir
Əslində, son hadisələr bir daha göstərdi ki, dövlətlərarası
münasibətlərin istiqamətini sosial şəbəkələrdə və televiziya
studiyalarında səsləndirilən emosional bəyanatlar deyil, ölkə
rəhbərlərinin qəbul etdiyi siyasi qərarlar müəyyənləşdirir. Son
dövrlər Rusiyada bəzi jurnalistlər, politoloqlar, ekspertlər,
bloqerlər və deputatlar tərəfindən Azərbaycan əleyhinə sərgilənən
sərt ritorika ikitərəfli münasibətlərə xələl gətirmək məqsədi
daşısa da, Vladimir Putinin Prezident İlham Əliyevə etdiyi telefon
zəngi həmin cəhdlərin nəticəsiz qaldığını açıq şəkildə nümayiş
etdirdi.
Bu telefon danışığı eyni zamanda həmin dairələr üçün ciddi
siyasi mesaj hesab oluna bilər. Azərbaycan-Rusiya münasibətlərinə
zərər vuran, cəmiyyətlərdə qarşıdurma ovqatı formalaşdıran və
toksik informasiya mühiti yaradan populist çıxışlar heç bir
perspektiv vəd etmir. Əksinə, dövlət rəhbərlərinin nümayiş
etdirdiyi dialoq iradəsi göstərir ki, iki ölkənin münasibətlərinin
gələcəyi qarşılıqlı hörmətə, siyasi praqmatizmə və ortaq maraqlara
əsaslanacaq.
Millət vəkili: Putinin zəngi radikal dairələrə
verilən ən aydın cavablardan biridir
Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun üzvü Şahin Seyidzadə isə Trend-ə açıqlamasında
deyib, Azərbaycan-Rusiya münasibətlərində müəyyən çətinliklər
mövcud olsa da, hər iki ölkənin siyasi iradəsi əlaqələrin inkişaf
etdirilməsinə yönəlib.
Deputatın sözlərinə görə, Prezident Vladimir Putinin Prezident
İlham Əliyevə telefon zəngi Moskvanın münasibətləri qarşıdurma
deyil, əməkdaşlıq müstəvisində davam etdirmək niyyətini nümayiş
etdirir.
Ş.Seyidzadə bildirib ki, Prezident İlham Əliyevin Şuşa Qlobal
Media Forumunda normallaşma, problemlərin dialoq yolu ilə həlli və
ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı səsləndirdiyi
fikirlər həm Azərbaycanın milli maraqlarına, həm də qarşılıqlı
faydalı əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Dövlət
başçılarının son telefon danışığı da bu siyasi xəttin davam
etdiyini təsdiqləyir.
Deputat vurğulayıb ki, Putinin telefon zəngi Rusiyada
Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan radikal
dairələrin gözləntilərini doğrultmadı. Onun sözlərinə görə, bəzi
jurnalistlər, ekspertlər, politoloqlar, bloqerlər və deputatlar
tərəfindən səsləndirilən emosional bəyanatlar nə Bakının, nə də
Moskvanın rəsmi siyasətini əks etdirir.
Ş.Seyidzadə hesab edir ki, bu hadisə həmin şəxslər üçün də mühüm
nəticə olmalıdır. Onun fikrincə, münasibətlər şou xarakterli
çıxışlar və populist ritorika ilə deyil, dövlət maraqları,
qarşılıqlı hörmət və praqmatik əməkdaşlıq əsasında inkişaf
etdirilməlidir.
Liderlərin dialoqu siyasi gündəmin əsas istiqamətini
müəyyənləşdirdi
Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi ilə bağlı ən mühüm
mesajı dövlət başçılarının özləri verdi. Bu təmas göstərdi ki,
mövcud fikir ayrılıqlarına baxmayaraq, hər iki ölkə münasibətlərin
inkişafında maraqlıdır və dialoq mexanizmlərini qoruyub saxlamaq
niyyətindədir.
Eyni zamanda, son hadisələr bir daha təsdiqlədi ki, ikitərəfli
münasibətlərin taleyini radikal ritorika, populist bəyanatlar və
informasiya məkanında yaradılan süni gərginlik deyil, dövlətlərin
strateji maraqları və liderlərin siyasi iradəsi müəyyən edir.
Bu baxımdan telefon danışığı təkcə iki ölkə arasında növbəti
diplomatik təmas deyil, həm də münasibətlərin gələcək inkişaf
istiqamətini göstərən mühüm siyasi mesaj kimi
qiymətləndirilməlidir.

