
Bakı. Trend:
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi,
general-polkovnik Ramil Usubov 2025-ci il noyabrın 5-də Rusiya
Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş MDB-nin
iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin on
üçüncü görüşündə iştirak edib.
Bu barədə Trend-ə Təhlükəsizlik Şurasından məlumat verilib.
Bildirilib ki, “Rusiya və MDB xalqları” beynəlxalq festivalı
çərçivəsində keçirilən görüşdə Müstəqil Dövlətlər Birliyi məkanında
təhlükəsizliyin möhkəmləndirilməsi, mənəvi-əxlaqi dəyərlərin
qorunması, radikal ideologiyaya qarşı mübarizə, humanitar sahədə
əməkdaşlığın inkişaf perspektivləri, həmçinin beynəlxalq və
regional sabitliyin təmini məsələləri müzakirə olunub.
Görüşdə çıxış edən R.Usubov qeyd olunan istiqamətlər üzrə
əməkdaşlığın möhkəmləndirilməsi, müzakirə olunan məsələlərlə bağlı
ölkəmizdə görülən işlər, həmçinin Azərbaycanın Cənubi Qafqazda
sülhün və inkişafın bərqərar olunması sahəsində həyata keçirdiyi
tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Təhlükəsizlik
Şurasının katibi Ramil Usubovla Rusiya Federasiyası Təhlükəsizlik
Şurasının katibi Sergey Şoyqu arasında ikitərəfli görüş
keçirilib.
Görüşdə regional təhlükəsizliyin təmin olunması üzrə birgə
fəaliyyətlə bağlı məsələlər və hər iki ölkənin rəhbərlərinin
görüşləri çərçivəsində müəyyən edilən prioritetlər nəzərə alınmaqla
əməkdaşlığın perspektivləri müzakirə edilib.

