Gəncə avtomobil zavodu İB-də Zəfər gününün 5 illiyi qeyd olundu (FOTO)

Baş səhifə

Bakı. Trend:

Gəncə avtomobil zavodu İstehsalat Birliyində Azərbaycan tarixinə
qızıl hərflərlə yazılan və ölkəmizin parlaq qələbəsi ilə
nəticələnən 2-ci Qarabağ müharibəsində ermənilərin kapitulyasiya
aktına qol çəkərək öz məğlubiyyətlərini elan etdiyi gün – 8 Noyabr
Zəfər gününün 5-ci ildönümü ilə əlaqədar yığıncaq keçirilib.

Tədbirdə müəssisənin rəhbərliyi ilə yanaşı bu qələbədə birbaşa
pay sahibi olan, həmin çətin dəqiqələrdə öz vətəndaşlıq borclarını
şərəflə yerinə yetirmək üçün ordu sıralarına yollanan əməkdaşlar,
həmçinin müəssisənin 1-ci Qarabağ savaşında döyüşmüş işçiləri də
iştirak edirdi.

Tədbir Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından
keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə
başladı.

Birliyin direktoru Amin Əliyev çıxış edərək Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli
ordumuzun sona qədər qəhrəmancasına mübarizə apararaq
torpaqlarımızın erməni tapdağından azad olunmasını böyük tarixi
hadisə adlandırdı:

“Bu gün biz Zəfərimizin 5 illiyini böyük fəxrlə və sevinclə qeyd
edirik. Nəhayət ki, 30 il sonra ölkə başçımızın apardığı
məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz dədə baba
torpaqlarını azad etdi. Burada oturan hər biriniz göz qırpmadan,
çəkinmədən Vətənin müdafiəsi və torpaqların ermənilərdən
təmizlənməsi üçün Ali Baş Komandanın savaş çağırışına qoşuldunuz.
Siz səngərlərdə, sizin iş yoldaşlarınız isə burada arxa cəbhədə
gecə gündüz qələbəmizin qazanılması üçün var gücümüzlə çalışdıq.
Zavodumuzun kollektivi müharibə başlanan gündən şəhərimizin
ermənilər tərəfindən bombalanmasına, atəşə məruz qoymasına
baxmayaraq 3 növbədə fəaliyyətini davam etdirdi və ordu üçün,
hərbimiz üşün əlim izdən gələn köməkliyi etdi və bununla qürur
duyuruq”, – deyə A.Əliyev əlavə edib.

Tədbirdə çıxış edən 1-ci Qarabağ müharibəsi iştirakçısı, Gəncə
avtomobil zavodu İB-nın direktor müavini Qafur Əhədli bütün qazilər
və veteranlar, o cümlədən də müharibə iştirakçiları adından
müəssisə rəhbərliyinə diqqət və qayğıya görə minnətdarlığını
bildirdi. O əlavə etdi ki, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında ordumuz günü gündən inkişaf edib, yerli hərbi
mütəxəssislər yetişdirilib, müasir müharibə metodlarını mənimsəyən
hərbiçilərimizin bilik və bacarıqları, əsgər və zabitlərimizin
mərdliyi və torpaqlarımızı azad etmək istəyi nəticəsində, bütün
xalqımız “DƏMİR YUMRUQ” ətrafına birləşərək düşmənin başını
əzib.




Müəssisənin direktor müavini Etibar Qasımov cıxış edərək 44
günlük müharibədə müasir silahlarla və hərbi texnika ilə təchiz
edilən Azərbaycan ordusunun rəşadətindən danışdı. Onun sözlərinə
görə həm 1-ci Qarabağ müharibəsində, həm də 2-ci Qarabağ savaşında
Azərbaycan xalqı öz döyüşkənliyini, mübarizliyini bütün dünyaya
sübut etdi.

Müəssisənin direktor müavini Şəhla Abdinova 44 günlük
müharibənin hər bir azərbaycanlı üçün bir qürur nümunəsi olduğunu
bildirdi. Vurğuladı ki, minlərlə şəhidlərin və qazilərin qanı
bahasına əldə olunan Zəfər Azərbaycanın şanlı tarixinə qızıl
hərflərlə yazılıb və bu gün biz onlara minnətdarıq.

Zavodun baş mühəndisi Vahid Məmmədov qeyd etdi ki, həmin
günlərdə Gəncə və digər şəhər və rayonlarımız, dinc əhali ermənilər
tərəfindən dəfələrlə bomda və raket zərbələrinə məruz qalsa da heç
kimin əzmi qırılmadı, hər kəs öz bacarığı və qabiliyyətinə uyğun
cəbhəyə, müharibəyə dəstək göstərdi. Gəncə avtomobil zavodu İB-də
rəhbərlik başda olmaqla bütün kollektiv əl-ələ verərək öz vəzifə
borclarını yerinə yetirdi.

Sonda birliyin direktoru Amin Əliyev bir daha Zəfər günü
münasibətilə veteranları təbrik etdi, onlara gələcək
fəaliyyətlərində uğurlar arzu etdi. O, vurğuladı ki, istər 1-ci,
istərsə də 2-ci Qarabağ müharibəsi veteranları, qazilər, şəhid
ailələri daim dövlətimizin, prezidentimizin diqqət və qayğısı ilə
əhatə olunub. Müəssisəmizin veteranları və qaziləri də daim
rəhbərliyin diqqətindədir. Bu böyük sevinci, qüruru xalqımıza bəxş
edən insanlar tarixin yaddaşında daim hörmətlə anılacaqlar.

8 Noyabr Zəfər günü münasibətilə birliyin rəhbərliyi tərəfindən
müəssisənin bütün qaziləri, veteranlari və müharibə iştirakçiları
mükafatlandırılıb.

Sonda veteranlar və qazilərlə xatirə şəkili çəkildi.