Latviyada Zəfər Günü qeyd edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

5 noyabr 2025-ci il tarixində 8 noyabr – Zəfər Gününün beşinci
ildönümü münasibətilə Azərbaycanın Latviyadakı Səfirliyinin
təşkilatçılığı ilə Riqa şəhərinin ən tanınmış mədəniyyət
ocaqlarından biri olan “Splendid Palace” kinoteatrında isveçli
rejissor Mikael Silkeberqin “Xarıbülbül əfsanəsi” sənədli filminin
nümayişi keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Tədbirdə Latviya Seyminin deputatları, Xarici İşlər Nazirliyinin
və digər dövlət qurumlarının rəsmiləri, xarici diplomatik
missiyaların rəhbərləri, yerli akademik, mədəni, ictimai və dini
dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının
üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr
iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiri
Elnur Sultanov 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü
münasibətilə həmvətənlilərimizi təbrik edib. E.Sultanov 2020-ci
ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində
30 ilə yaxın davam etmiş Ermənistanın hərbi işğalı və təcavüzünə
son qoyulduğunu və ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini
diqqətə çatdırıb. O, bu tarixi zəfərin bölgəmizdə yeni reallıqlar
və sülh üçün imkanlar yaratdığını bildirib. Qeyd olunub ki,
qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq salnaməsinə
qızıl hərflərlə yazılıb və bu gün Azərbaycanın üçrəngli Dövlət
Bayrağı Qarabağ və Şərqi Zəngəzurda qürurla dalğalanır.

E.Sultanov qələbənin əldə edilməsinin işğaldan azad olunmuş
ərazilərdə mədəni həyatın dirçəlişinə təkan verdiyini qeyd edərək,
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin yenidən
mötəbər tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, Şuşanın hər
bir azərbaycanlının qəlbində xüsusi yer tutduğunu və musiqi
mədəniyyətimizin beşiyi olduğunu vurğulayıb.




Səfir filmin rejissoru M.Silkeberqin Şuşanın ruhunu, böyük
sənətkarlarının irsini, Azərbaycan xalqının mənəvi dəyərlərini
məharətlə əks etdirməsini, eyni zamanda Azərbaycan ilə Skandinaviya
arasında mədəni əlaqələrin tədqiq edilməsinin təqdirəlayiq olduğunu
söyləyib. O, filmdə Azərbaycan mədəniyyətini beynəlxalq səviyyədə
tanıdan, böyük Azərbaycan bəstəkarı və Şərqdə ilk operanın
yaradıcısı Üzeyir Hacıbəyli barədə bəhs olduğunu diqqətə
çatdıraraq, dahi şəxsiyyətin Azərbaycan mədəniyyətinə töhfələrindən
bəhs etmiş və bu il 140 illik yubileyinin qeyd edildiyini
bildirib.

E.Sultanov həmçinin, Azərbaycan-Latviya mədəni dialoqundan söz
açaraq, Şuşada olan və Azərbaycan mədəniyyətinə töhfələr vermiş
Latviyanın incəsənət xadimlərindən bəhs edib. Səfir “Xaribülbül
əfsanəsi” filminin nümayişinin Azərbaycan mədəniyyətinin Latviyada
daha da tanınmasına, ölkələrimiz və xalqlarımız arasında mədəni
əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Sonra filmin rejissoru M.Silkeberq çıxış edərək, Şərqlə Qərbin
birləşdiyi məkanda yerləşən Azərbaycanın zəngin tarixi, qədim
mədəniyyəti və musiqisinin onu valeh etdiyini bildirib. O,
Azərbaycanın bir çox millətlərin və dinlərin harmoniya və
tolerantlıq mühitində yaşayan nadir ölkələrdən biri olduğunu və
ölkəmizə məxsus bu cəhətin dünyada təbliğ edilməsinin əhəmiyyətini
qeyd edib. Rejissor xarıbülbül gülünün hekayəsini lentə almaq üçün
Bakı və Şuşada çəkilişlərin aparıldığını və xüsusilə Şuşaya səfərin
onda güclü təəssürat yaratdığını bildirib. O, Şuşada fəaliyyət
göstərmiş Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Bülbül kimi
Azərbaycanın dahi mədəniyyət və incəsənət xadimlərinin irsini
araşdırarkən Azərbaycan mədəniyyətinin nə qədər zəngin və dərin
olmasının, habelə dünya mədəniyyəti ilə sıx əlaqəsinin şahidi
olduğunu dilə gətirib.

Daha sonra Səfirlik tərəfindən rəsmi qəbul təşkil olunub.