Gömrük rəsmiləşdirilməsi ödənişləri hansı qaydada kompensasiya ediləcək?

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin
16 iyun 2026-cı il tarixli “Qeyri-neft-qaz malları üzrə ixracın
dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ixrac
rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya dəstəyini
nəzərdə tutur.

Belə ki, Azərbaycan mənşəli qeyri-neft-qaz mallarını ixrac edən
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı
ödədikləri gömrük rəsmiləşdirilməsi ödənişləri dövlət tərəfindən
kompensasiya ediləcək. Malların Azərbaycan mənşəli olması isə mənşə
sertifikatı ilə müəyyənləşdiriləcək.

Dəstək mexanizminin tətbiqi nəticəsində yalnız faktiki ixrac
olunmuş qeyri-neft-qaz mallarına görə gömrük rəsmiləşdirilməsi
xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq.

Kompensasiyanın məbləği gömrük dəyəri üzrə tətbiq edilən yığım
hədlərinə görə dəyişəcək. Hər ixrac bəyannaməsi üzrə ödəniləcək
kompensasiya məbləğinin yuxarı həddi müəyyən ediləcək.

Dəstəyin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının
ixracı ilə bağlı gömrük nəzarəti, gömrük müşayiəti və malların
saxlanmasına görə tutulan gömrük yığımları artırılmayacaq.




Kompensasiya məbləği 2026-cı il sentyabrın 1-dən etibarən
2031-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac
əməliyyatlarına görə hesablanacaq.

Kompensasiya məbləği ixracatçının müraciəti və təqdim etdiyi
sənədlər əsasında hər rüb üzrə ixrac gömrük proseduru altında
yerləşdirilmiş və faktiki ixrac olunmuş mallara görə hesablanacaq
və həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən
ödəniləcək.

Kompensasiya dəstəyinin tətbiqi ilə bağlı aşağıdakı məsələlər
üzrə qanunvericilik aktları qəbul ediləcək:
• Dəstək mexanizminin şamil olunacağı qeyri-neft-qaz mallarının
siyahısı
• Dəstək mexanizminin şamil olunacağı ixrac ölkələrinin (ölkə
qruplarının) siyahısı;
• Dəstək mexanizmi üzrə ödəniləcək dəstək məbləğinin yuxarı
həddi;
• Dəstək mexanizmi ilə bağlı müraciət edilməsi və həmin
müraciətlərə baxılması qaydası.
• Dəstək mexanizminin şamil olunmadığı əməliyyatların siyahısı;
• Dəstək mexanizminin şamil olunmadığı şəxslərin siyahısı.

Mexanizm mikro, kiçik və orta sahibkarların ixracla bağlı
xərclərini azaltmaqla onların xarici bazarlara çıxış imkanlarını
dəstəkləyəcək, eyni zamanda qeyri-neft-qaz ixracının
genişləndirilməsinə və ixrac potensialının artırılmasına töhfə
verəcək.