Bakı. Trend:
Ötən gecə ABŞ-nin İranın cənubunda yerləşən Hörmüzqan
vilayətinin Qeşm şəhərinə hücumunda 3 nəfər ölüb.
Bu barədə İranın Hörmüzqan Tibb Elmləri Universiteti məlumat
yayıb.
“Qeşm şəhərinin Çahtənqu məhəlləsində yaşayış evinə hücumda bir
ailənin 3 üzvü ölüb, 2 üzvü isə yaralanıb”, -deyə məlumatda qeyd
olunur.
Bildirilir ki, ailənin başqa bir üzvünün də axtarışı davam
etdirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.
Əlavə edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki,
İranda hərbi komandanlıq mərkəzləri, raket və pilotsuz təyyarə
qurğuları, sahil müşahidə və müdafiə məntəqələri və dəniz imkanları
da daxil olmaqla onlarla hədəfə zərbələr endirilib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

