
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycanda fəaliyyət
göstərən sığorta şirkətlərinin rəhbər şəxsləri ilə növbəti görüş
keçirilib.
Bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki
hesabında paylaşım edib.
“Görüş zamanı sığorta sektorunun cari ilin birinci yarımili üzrə
fəaliyyət nəticələri və bazarda müşahidə olunan əsas inkişaf
meyillərini, eləcə də qarşıdakı dövr üzrə perspektivləri müzakirə
etdik.
Bundan əlavə, sığorta məhsullarının çeşidliliyinin artırılması,
əhalinin və biznes subyektlərinin sığorta xidmətlərinə çıxış
imkanlarının genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin
daha da dərinləşdirilməsinə xidmət edən təşəbbüslər ətrafında geniş
fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda
fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 867,396 milyon
manat məbləğində sığorta haqqı toplanıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
50,3 milyon manat və ya 6,16 faiz çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 549,682 milyon
manat təşkil edib ki, bu da illik müqayisədə 117,5 milyon manat və
ya 27,2 faiz artım deməkdir.
Sığorta bazarındakı müsbət dinamika Bakıda keçirilən XI
Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində də
diqqət mərkəzində olub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının
sədri Ülviyyə Cabbarova forumda çıxışı zamanı bildirib ki, son dörd
ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə artıb.
Onun sözlərinə görə, bazarın inkişafı dövlət tərəfindən müəyyən
edilmiş strateji hədəflər, Azərbaycan Mərkəzi Bankının həyata
keçirdiyi islahatlar və bazar iştirakçılarının birgə fəaliyyəti
nəticəsində mümkün olub.

