
Azərbaycanda son illərdə meşə fondu ərazilərində baş verən yanğınların həm sayı, həm də əhatə etdiyi sahə əhəmiyyətli dərəcədə azalıb.
Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq verilən statistik göstəricilərdə qeyd olunub ki, 2020-ci ildə ölkədə 37, 2021-ci ildə 41, 2022-ci ildə 66, 2023-cü ildə 36, 2024-cü ildə 22, 2025-ci ildə isə 23 meşə yanğını qeydə alınıb.
Məlumata əsasən, 2020-ci ildə yanğınların əhatə etdiyi ümumi sahə 48,0 hektar, 2021-ci ildə 380,1 hektar, 2022-ci ildə 869,2 hektar, 2023-cü ildə 25,3 hektar, 2024-cü ildə 14,7 hektar, 2025-ci ildə isə 14,0 hektar olub.
Belə ki, yanğınların əhatə etdiyi meşə ilə örtülü sahə 2020-ci ildə 32,7 hektar, 2021-ci ildə 309,3 hektar, 2022-ci ildə 636,4 hektar, 2023-cü ildə 17,5 hektar, 2024-cü ildə 2,4 hektar, 2025-ci ildə isə 6,4 hektar təşkil edib.
Meşə (ağac-kol) olmayan açıq sahələrdə yanğınların əhatə etdiyi ərazi isə müvafiq olaraq 15,3, 70,8, 232,8, 7,8, 12,3 və 7,6 hektar olub.
Statistikaya görə, aşağı yanğınlar 2020-ci ildə 45,8 hektar, 2021-ci ildə 29,7 hektar, 2022-ci ildə 869,2 hektar, 2023-cü ildə 4,7 hektar, 2024-cü ildə 12,1 hektar, 2025-ci ildə isə 13,8 hektar sahəni əhatə edib.
Yuxarı yanğınların əhatə etdiyi sahə 2020-ci ildə 2,2 hektar, 2021-ci ildə 350,4 hektar, 2022-ci ildə qeydə alınmayıb, 2023-cü ildə 20,6 hektar, 2024-cü ildə 2,6 hektar, 2025-ci ildə isə 0,2 hektar olub.
Yanğınların baş verdiyi dağlıq və dağətəyi ərazilərin sahəsi 2020-ci ildə 22,1 hektar, 2021-ci ildə 369,9 hektar, 2022-ci ildə 808,4 hektar, 2023-cü ildə 9,6 hektar, 2024-cü ildə 10,7 hektar, 2025-ci ildə isə 14,0 hektar təşkil edib. Düzən ərazilərdə isə bu göstərici müvafiq olaraq 25,9, 10,2, 60,8, 15,7, 4,0 hektar olub, 2025-ci ildə isə yanğın qeydə alınmayıb.
Bundan başqa, kökü üstündə yanmış ağacların həcmi 2020-ci ildə 91,2 kubmetr, 2021-ci ildə 411,5 kubmetr, 2022-ci ildə 1 841,8 kubmetr, 2023-cü ildə 51,9 kubmetr, 2024-cü ildə 18,0 kubmetr, 2025-ci ildə isə 22,5 kubmetr olub.
Məlumat üçün bildirək ki, yanğınlardan dəyən maddi zərər isə 2020-ci ildə 13,3 min manat, 2021-ci ildə 7,8 min manat, 2022-ci ildə 296,3 min manat, 2023-cü ildə 13,9 min manat, 2024-cü ildə 2,1 min manat, 2025-ci ildə isə 0,9 min manat təşkil edib.

