Bakı.Trend:
“20 Yanvar” dairəsində Müzəffər Həsənov, Həsən bəy Zərdabi və
Rövşən Cəfərov küçələrinin sözügedən dairə ilə kəsişmələrində 1.25
– “sarı tor” nişanlanma xətləri təşkil edilib. “Sarı tor” nişanlama
xətlərinin təşkili həmin ərazidəkı sıxlığa necə təsir edəcək?
Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru
Toğrul Nəsirli Trend-ə açıqlamasında bildirib ki, qeyd edilən ərazidə
yarana biləcək sıxlığın, həmçinin baş verə biləcək xoşagəlməz
halların qarşısının alınması məqsədilə BDYPİ tərəfindən mütəmadi
olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir.
“Həmin ərazidə əsasən, sürücülərin yol ayrıcını kobud şəkildə
pozması nəticəsində sıxlıq yaranır. Sözügedən nişanlama xətti
tələbinin pozulması qanunvericiliyin tələblərinə ziddir”.
T. Nasirli vurğulayıb ki, belə hal aşkarlandığı təqdirdə həmin
sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə
əsasən, 3 cərimə balı və 100 manat dəyərində cərimə tətbiq
olunur.


