Slovakiya Prezidentinin səfəri: Qarabağ Azərbaycan-Slovakiya tərəfdaşlığının yeni mərhələsinin simvolu kimi

Baş səhifə

Bakı. Trend:

Slovakiya Prezidenti Peter Pelleqrinin iyulun 13-də Azərbaycana
səfəri Bakı ilə Bratislava arasında dostluq və strateji
münasibətlərin inkişafında yeni mərhələ olacaq. Səfərə xüsusi rəmzi
məna verən məqamlardan biri Prezidentin Qarabağa səfəridir.
Slovakiya tərəfi burada azad edilmiş ərazilərin bərpasında iştirak
edir və ən iri beynəlxalq layihələrdən biri olan müasir “ağıllı
kənd”in inşasını həyata keçirir.

Məhz Qarabağ bu gün Azərbaycan-Slovakiya əməkdaşlığının praktiki
məzmununun ən parlaq nümunələrindən birinə çevrilib. Bir neçə il
əvvəl iki ölkəni birləşdirən əsas amil enerji sahəsi idisə, bu gün
tərəfdaşlıq azad edilmiş ərazilərin bərpasını, sənayeni,
nəqliyyatı, texnologiyaları, humanitar sahəni və parlament
diplomatiyasını da əhatə edir.

Proqramın əsas məqamlarından biri Peter Pelleqrinin Ağdam
rayonuna səfəri olacaq. O, burada Baş Qərvənd kəndində həyata
keçirilən Smart Village (Ağıllı Kənd) layihəsinin icrası ilə tanış
olacaq və Slovakiyanın milli qəhrəmanı, general Milan Rastislav
Ştefanikin adını daşıyacaq yeni məktəbin təməlqoyma mərasimində
iştirak edəcək. Azərbaycanın azad edilmiş ərazilərində görkəmli
slovak xadiminin adını daşıyan məktəbin inşası iki dövlət arasında
etimadın və dostluğun rəmzidir.

Baş Qərvənddə həyata keçirilən Smart Village layihəsi Qarabağın
bərpası üzrə ən iri beynəlxalq layihələrdən biridir. Burada 851
fərdi yaşayış evi, 10 çoxmənzilli bina, məktəb, uşaq bağçası, tibb
mərkəzi və bütün zəruri müasir infrastruktur inşa edilir.

Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin dekabrında
Slovakiyaya rəsmi səfəri zamanı bu layihənin əhəmiyyətini xüsusi
vurğulamışdı.

“Tikintisi artıq sürətlə davam edən “ağıllı” qəsəbə Slovakiyanın
azad edilmiş ərazilərdəki uğurunun rəmzinə çevriləcək. Tərkibinə
851 fərdi ev, 10 çoxmənzilli bina, məktəb, uşaq bağçası və tibb
mərkəzinin daxil olduğu bu qəsəbə əbədi olaraq sizin
nailiyyətlərinizin əksi və dostluğumuzun simvolu olacaq”, – deyə
dövlət başçısı bildirmişdi.

Bu sözlər bu gün xüsusi məna kəsb edir. Əgər Azərbaycan
Prezidentinin ötən ilin dekabrında Bratislavaya səfəri ikitərəfli
münasibətlərin inkişafında mühüm mərhələ olmuşdusa, Slovakiya
Prezidentinin Qarabağa səfəri həmin vaxt əldə olunan razılaşmaların
ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Eyni zamanda, Slovakiyanın azad edilmiş ərazilərin bərpasında
iştirakı yalnız tikinti ilə məhdudlaşmır. Bratislava Azərbaycana
humanitar minatəmizləmə sahəsində də dəstək göstərir. Slovakiya
tərəfinin təqdim etdiyi xüsusi avadanlıq azad edilmiş ərazilərin
mina və partlamamış sursatlardan təmizlənməsi zamanı istifadə
olunur, insanların həyatının qorunmasına və keçmiş məcburi
köçkünlərin doğma yurdlarına qayıdışının sürətlənməsinə töhfə
verir.

Strateji tərəfdaşlıq praktik məzmun qazanır

Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabrında
Slovakiyaya rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafına güclü
təkan verdi.

Həmin vaxt Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycanın
region üçün xüsusi əhəmiyyətini vurğulamışdı.

“Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik
ölkədir. O, Asiya ilə Avropanın qovşağında yerləşir və zəngin
enerji resurslarına sahibdir. Biz strateji tərəfdaşlığı qurmaq və
inkişaf etdirmək niyyətindəyik. Biz dost ölkələrik və
münasibətlərimiz həmişə yüksək səviyyədə olub. Slovakiya
Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş
hesab edir”, – deyə Slovakiya lideri bildirmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev isə qeyd etmişdi ki,
Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələr və
strateji tərəfdaşlardır.

Məhz həmin səfər zamanı konsulluq sahəsində əməkdaşlığa dair
memorandum, heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində
memorandum, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya
Müdafiə Nazirliyi arasında əməkdaşlıq niyyətləri haqqında protokol,
mədəniyyət sahəsində əməkdaşlıq memorandumu, eləcə də Azərbaycan
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Slovakiya Ticarət və
Sənaye Palatası arasında memorandum daxil olmaqla geniş ikitərəfli
sənədlər paketi imzalanmışdı.

Beləliklə, əməkdaşlıq demək olar ki, bütün əsas istiqamətlər
üzrə institusional əsas qazanmış oldu.

Nümayəndəli heyət yüksək maraqdan xəbər
verir

Prezident Pelleqrini ilə birlikdə Azərbaycana son illərin ən
nümayəndəli Slovakiya heyətlərindən biri gəlir. Nümayəndə heyətinə
baş nazirin müavini və müdafiə naziri Robert Kalinyak, baş nazirin
müavini və iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri
Matuş Şutay-Eştok, eləcə də Slovakiya Milli Bankının rəhbəri Peter
Kajimir daxildir.

Belə yüksək səviyyəli təmsilçilik Bratislavanın Azərbaycanla
əməkdaşlığa kompleks şəkildə – siyasi və iqtisadi sahələrlə yanaşı,
sənaye, investisiya, təhlükəsizlik və maliyyə istiqamətlərində də
yanaşdığını göstərir.

Prezident sarayının məlumatına görə, danışıqların əsas mövzuları
enerji əməkdaşlığının dərinləşdirilməsi, Slovakiya ixracının
dəstəklənməsi, sənaye və texnoloji tərəfdaşlığın inkişafı, iki ölkə
arasında nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi, eləcə də
Slovakiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin
bərpası layihələrində iştirakı olacaq.

Rəsmi proqramla paralel olaraq, Bakıda hər iki ölkənin işgüzar
dairələrinin nümayəndələrinin iştirakı ilə Slovakiya-Azərbaycan
biznes forumu keçiriləcək. Forumun məqsədi ticarət əməkdaşlığının
genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və Slovakiya
şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinə dəstək
göstərməkdir.

Energetika əməkdaşlığın təməli olaraq qalır

İkitərəfli münasibətlərin əsas dayaqlarından biri enerji sahəsi
olaraq qalır.

2024-cü ilin dekabrında Slovakiya Azərbaycan təbii qazının
idxalına başlayan on ikinci ölkə oldu. SOCAR-ın dövlət operatoru
SPP-yə qaz tədarükü pilot saziş çərçivəsində başladı və Avropanın
enerji təchizatı mənbələrinin şaxələndirilməsi siyasətinin tərkib
hissəsinə çevrildi.

Enerji təchizatı məsələləri üzrə ilk Aİ-Slovakiya İşçi Qrupunun
fəaliyyəti də xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycanı bu
platformada energetika nazirinin müavini Orxan Zeynalov təmsil
etmişdi. Tərəflər həmin vaxt Azərbaycan qazının Mərkəzi Avropa üçün
strateji rolunu bir daha təsdiqləmiş və bərpa olunan enerji
sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını ifadə
etmişdilər.

Bundan əlavə, Slovakiya Azərbaycan qazının Mərkəzi Avropaya
tədarükünün artırılmasını nəzərdə tutan “Həmrəylik Halqası”
layihəsi üzrə memoranduma qoşulan ölkələrdən biri olub.

Bununla yanaşı, enerji əməkdaşlığı artıq çoxdan təbii qaz
tədarükü çərçivəsini aşıb. İnkişaf etmiş nüvə energetikası
sayəsində Slovakiya Avropanın ən ekoloji enerji sistemlərindən
birinə malikdir və enerji səmərəliliyi sahəsində böyük təcrübə
toplayıb. Hazırda Slovakiya istehsalı olan istilik nasosları
Azərbaycana tədarük edilir, nüvə energetikası və enerji
səmərəliliyi texnologiyaları sahəsində fəaliyyət göstərən Slovakiya
şirkətləri isə azərbaycanlı tərəfdaşlarla birgə layihələrə maraq
göstərirlər. Belə əməkdaşlıq xüsusilə Bakıda keçirilmiş COP29-dan
sonra daha da aktuallaşıb. Çünki enerji keçidi və dekarbonizasiya
məsələləri həmin tədbirdə beynəlxalq gündəliyin əsas mövzularından
biri olmuşdu.

Siyasi dialoqun yüksək dinamikası

Peter Pelleqrinin qarşıdan gələn səfəri son aylarda
nəzərəçarpacaq dərəcədə intensivləşən siyasi dialoqun tərkib
hissəsidir.

2026-cı ilin may ayında Azərbaycanın müdafiə naziri Zakir
Həsənov Slovakiyaya səfər edib.

Həmin ay Azərbaycan Slovakiya Milli Şurasının sədri Rixard
Raşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Səfərin
yekununda Azərbaycan Respublikasının Milli Məclisi ilə Slovakiya
Respublikasının Milli Şurası arasında əməkdaşlıq haqqında
memorandum imzalanıb.

May ayında Slovakiyanın baş nazirinin müavini, ətraf mühit
naziri Tomaş Taraba da Azərbaycana səfər edib. İyun ayında isə
Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin
dövlət katibi Marek Eştok Bakıda olub. Həmin vaxt Azərbaycan və
Slovakiya Xarici İşlər nazirlikləri arasında siyasi
məsləhətləşmələrin növbəti iclası da keçirilib.

Qarşılıqlı təmasların bu cür intensivliyi göstərir ki, iki ölkə
arasında əməkdaşlıq demək olar ki, bütün istiqamətlər üzrə artan
xətt üzrə inkişaf edir.

Biznes və turizm üçün yeni imkanlar

Münasibətlərin inkişafı nəqliyyat sahəsində də davamını
tapır.

2026-cı il sentyabrın 29-dan etibarən Avropanın ən böyük
aşağıbüdcəli aviaşirkətlərindən biri olan Wizz Air
Bratislava–Bakı–Bratislava marşrutu üzrə birbaşa müntəzəm reyslərə
başlayacaq. Uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə
günləri həyata keçiriləcək.

Yeni marşrutun açılması iki ölkə arasında hava əlaqələrini
gücləndirəcək, işgüzar və turizm səfərləri üçün imkanları
genişləndirəcək və iqtisadi əməkdaşlığın inkişafına əlavə təkan
verəcək.

Dostluğun praktiki təcəssümü

Bu gün Azərbaycan-Slovakiya münasibətləri ardıcıl şəkildə siyasi
bəyanatlardan konkret birgə layihələrin həyata keçirilməsi
mərhələsinə keçir. Bu, xüsusilə Qarabağda daha aydın şəkildə özünü
göstərir. Burada əməkdaşlıq tamamilə real məzmun qazanır – müasir
“ağıllı kənd”in tikintisi, humanitar minatəmizləmə işlərində
iştirak, sosial infrastrukturun yaradılması və Slovakiya
şirkətlərinin azad edilmiş ərazilərin bərpasına cəlb olunması ilə
ifadə olunur.

Məhz buna görə Slovakiya Prezidentinin Ağdama səfəri rəsmi
proqramın sadəcə bəndlərindən biri deyil, Qarabağın ikitərəfli
gündəlikdə mühüm yer tutduğunun təsdiqi olacaq. Burada həyata
keçirilən layihələr artıq Azərbaycan və Slovakiya dostluğunun
rəmzinə çevrilib. Qarşıdan gələn səfər isə bu əməkdaşlığa yeni
impuls vermək və iki ölkə arasında strateji tərəfdaşlığın daha da
genişləndirilməsi üçün yeni imkanlar açmaq məqsədi daşıyır.