
ŞUŞA/ Trend/ – 4-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları
Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Qarabağ küçəsi ilə
tanışlıq gəzintisində olublar.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, forumun
qonaqları dövlət-özəl tərəfdaşlığı çərçivəsində müxtəlif təyinatlı
10 binanın inşa edildiyi Qarabağ küçəsi ilə tanış olublar.
Gəzinti zamanı qonaqlara Qarabağ küçəsində həyata keçirilən
layihə, aparılan tikinti və bərpa işləri, eləcə də şəhər
infrastrukturunun inkişafı barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, küçədə hotel, apart-otellər, ofis sahələri və
ictimai iaşə obyektləri yerləşir. Tikinti zamanı işlərin
keyfiyyətinə və yeni binaların Şuşanın memarlıq siması ilə ahəngdar
şəkildə uzlaşmasına xüsusi diqqət yetirilib.
4-cü Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160-a yaxın xarici
qonağın, o cümlədən 30-a yaxın beynəlxalq informasiya agentliyinin,
60-dan çox aparıcı media qurumunun, həmçinin 10-a yaxın beynəlxalq
təşkilat və şirkətin nümayəndələrinin iştirakı gözlənilir. Forum
iştirakçıları arasında xarici media nümayəndələri ilə yanaşı,
Azərbaycan mediasının təmsilçiləri, ekspertlər və rəsmi şəxslər də
yer alırlar.
Forum iyulun 13-14-də keçiriləcək.

