
Bakı. Trend:
Azərbaycan mədəniyyətinin zəngin ruhunu əks etdirən “Xarı
Bülbül” çilçırağının təqdimat mərasimi möhtəşəm bir gecəyə
çevrilib.
Qeyd olunub ki, “Museum Furniture” bu ideyanın həyata
keçirilməsini artıq 1 il idi ki, planlayırdı.
Belə bir çilçırağın hazırlanması ideyası “Museum Furniture”
tərəfindən irəli sürülüb. İdeyanın həyata keçirilməsi bir qədər
çətin görünürdü. Nəhayət, 1 il sonra bu layihə artıq həyata keçib.
Tədbirdə ölkəmizin mədəni irsini, milli dəyərlərini və incə zövqünü
bir araya gətirən bu unikal layihənin fərqli formatda təqdimatı baş
tutub.
Layihə Azərbaycanın zəngin mədəniyyəti və tarixinə həsr olunub
və italyan mütəxəssislərlə birgə reallaşdırılıb. Dizayn prosesi
İtaliyada – Neapol şəhərində yerləşən “i Borbone” brendi ilə
əməkdaşlıq çərçivəsində ilk gündən son ana qədər qeydə alınıb.
“Museum Furniture”nin ideya müəllifi olduğu layihənin icrası zamanı
italyan tərəfdaşlara Azərbaycan tarixi və mədəniyyəti barədə geniş
məlumat verilib, bunun nəticəsində ölkəmiz haqqında dərin
təəssüratlar formalaşıb. Təqdimat mərasimində milli musiqi
alətlərimiz, xalq rəqsləri və Qarabağ xalçaları nümayiş
etdirilib.
Tədbirdə vurğulanıb ki, “Xarı Bülbül” Azərbaycanın simvoluna
çevrilib. “Museum Furniture” də müəllifi olduğu və ərsəyə gətirdiyi
bu layihədə məhz bunu da nəzərə alıb.
Əgər bu simvol torpaqlarımızın işğalı dövründə itkini ifadə
edirdisə, bu gün o, dirçəliş və qələbə rəmzidir.
“Xarı Bülbül” çilçırağı layihəsi iki fərqli, lakin ruhca bir-birinə
yaxın mədəniyyətin – Azərbaycan və İtaliyanın birliyini əks
etdirir. “Xarı Bülbül” bizim üçün sadəcə bir dizayn deyil, bu,
xalqımıza, tariximizə və mədəniyyətimizə olan dərin ehtiramın
ifadəsidir.

