Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb – Kamaləddin Qafarov

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Astanada səsləndirdiyi
bəyanat iki qardaş ölkə arasında münasibətlərin sarsılmaz əsaslara
söykəndiyini bir daha nümayiş etdirdi.

Bu sözləri Trend
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin sözlərində həm siyasi
uzaqgörənlik, həm də regional əməkdaşlığa verilən yüksək dəyər
aydın şəkildə hiss olunur. “Dövlətimizin başçısı Qazaxıstanın
inkişafını və Prezident Kasım-Jomart Tokayevin modernləşmə
siyasətini yüksək qiymətləndirərək bildirdi ki, Qazaxıstan bu gün
regionda etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən güclü dövlət
kimi möhkəmlənib. Prezident İlham Əliyevin bu fikirləri, əslində,
Türk dünyasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq
modelinin möhkəmlənməsinə verdiyi töhfədir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətləri
sadəcə siyasi yaxınlıq deyil, həm də bu proses dərin mənəvi bağlara
söykənir: “Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, ən
çətin dövrlərdə Azərbaycan həmişə Qazaxıstanın dəstəyini hiss edib.
Bu, xalqlarımızın dostluğunun söz yox, əməl üzərində qurulduğunu
göstərir.

Dövlətimizin başçısının çıxışında sülh mövzusu da mühüm yer
tutur. Prezident İlham Əliyev Ermənistanla münasibətlərin
normallaşması istiqamətində atılan addımların səmimiliyini və
praktiki nəticələrini diqqətə çatdırdı. Qazaxıstanın Ermənistana
taxıl tranziti buna real nümunədir. Azərbaycan bu addımı atmaqla
sülhün kağız üzərində deyil, real həyatda da təcəssüm tapmasına
şərait yaradıb. Dövlət başçısının fikrincə, Azərbaycan və
Qazaxıstan arasında əməkdaşlıq artıq regional deyil, qlobal
əhəmiyyət kəsb edir. Orta Dəhliz, Zəngəzur dəhlizi kimi layihələr
həm iqtisadi inteqrasiyanı, həm də siyasi sabitliyi
möhkəmləndirəcək. Beləliklə, Prezident İlham Əliyevin bəyanatı
qardaşlıq, əməkdaşlıq və sülh fəlsəfəsini özündə birləşdirən mühüm
siyasi sənəddir. Bu çıxış Azərbaycanın regionda sabitlik,
tərəfdaşlıq və inkişaf xəttinə sadiqliyinin bariz nümunəsidir”.