Səfir: Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı regionda təhlükəsizliyin, sabitliyin mühüm amilidir

Baş səhifə
Səfir: Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı regionda təhlükəsizliyin, sabitliyin mühüm amilidir

Bu gün Azərbaycan regional liderliyini fəal şəkildə möhkəmləndirir, strateji tərəfdaşlarla hərtərəfli əməkdaşlığı genişləndirir.

“Report” xəbər verir ki, bunu Ukraynanın Bakıdakı səfiri Yuri Qusev deyib.

Diplomat vurğulayıb ki, oktyabrın 18-də Azərbaycan Müstəqilliyinin Bərpası Gününün 34-cü ildönümünü qeyd edir: “Bu gün Azərbaycan nəinki beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tam bərpa edib, həm də regional liderliyini fəal şəkildə möhkəmləndirir, strateji tərəfdaşlarla siyasi, iqtisadi, enerji və müdafiə sahələrində əməkdaşlığı genişləndirir. Ukrayna Azərbaycanı bu əlamətdar tarix münasibətilə səmimi qəlbdən təbrik edir və ərazi bütövlüyü və dövlət suverenliyi məsələlərində göstərdiyi yardım və ardıcıl dəstəyə görə təşəkkürünü bildirir”.

Onun fikrincə, bu gün Ukrayna ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinin mühüm amilidir.

“Hər iki ölkəni öz suverenliyini və ərazi bütövlüyünü qorumaq istəyi, həmçinin təhlükəsizlik, enerji, iqtisadiyyat və diplomatiya sahələrində uzunmüddətli inkişaf üçün etibarlı zəmin yaradan fəal əməkdaşlıq birləşdirir. Azərbaycan da Ukrayna kimi dövlət müstəqilliyinin təmin edilməsi və istənilən sülh prosesinin uğuru üçün beynəlxalq dəstəyin həlledici əhəmiyyətini çox yaxşı anlayır”, – səfir vurğulayıb.