Bakı. Trend:
Həyata keçirilən Böyük Qayıdış proqramı və eyni zamanda
“Sosial-İqtisadi İnkişaf Strategiyası” çərçivəsində qarşıya
qoyulmuş öhdəliklərə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə
və digər regionlarda yeni peşə təhsili müəssisələrinin yaradılması
istiqamətində işlər aparılır.
Trend
xəbər verir ki, bu fikri bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı
Dövlət Peşə Təhsil Mərkəzində keçirilən qısamüddətli təlimləri
uğurla başa vuran məzunların təltifolunma mərasimində Peşə Təhsili
üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən Simnar
Mamedov səsləndirib.
O qeyd edib ki, 2026-cı ilə qədər Şuşa və Füzulidə Dövlət Peşə
Təhsili Mərkəzlərinin tikilərək istifadəyə verilməsi və bu
müəssisələrdə kadr hazırlığının təşkili nəzərdə tutulur:
“Bununla yanaşı, ölkənin digər bölgələrində də mövcud peşə
təhsil infrastrukturunun əsaslı və cari təmiri, həmçinin yenidən
qurulması istiqamətində işlər görülür”.
O vurğulayıb ki, 2026-cı ilin sonuna qədər peşə təhsilinin əhatə
dairəsinin genişləndirilməsi planlaşdırılır: “Strateji hədəfimiz 28
min əlavə şəxsin peşə təhsilinə – ilkin peşə, texniki peşə və
yüksək texniki peşə səviyyələrinə cəlb edilməsidir”.

