MİDA Azərbaycanın azad edilmiş ərazilərində üç layihəni başa çatdırıb

Baş səhifə
MİDA Azərbaycanın azad edilmiş ərazilərində üç layihəni başa çatdırıb

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Böyük Qayıdış” proqramı çərçivəsində Füzuli və Cəbrayıl rayonlarında, həmçinin Xocalı şəhərində 3 layihəni uğurla başa çatdırıb.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı III Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci iş günündə bildirib.

“Ümumilikdə 1 700-dən çox ailə azad edilmiş ərazilərdə Agentlik tərəfindən inşa edilən mənzillərə köçürülüb”, – F.Qurbanlı qeyd edib.

O vurğulayıb ki, MİDA əlçatan mənzil layihələri çərçivəsində sosial infrastrukturun inkişafına xüsusi diqqət yetirir:

“İndiyə qədər 22 sosial infrastruktur obyektinin tikintisinə başlanılıb, onlardan 16-sı artıq başa çatıb. Bunların arasında 5 məktəb, 9 uşaq bağçası, tibb mərkəzi və bələdiyyə xəstəxanası var. Tikinti başa çatdıqdan və təhlükəsiz şərait təmin edildikdən sonra obyektlər müvafiq mütəxəssislərin cəlb edilməsi ilə fəaliyyətə başlayır”.