Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələrini diqqətlə izləyirik. Seçkilərin Ermənistan xalqı üçün xeyirli olmasını arzulayırıq.
Bunu Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib.
“Xarici İşlər Nazirliyinin də bəyan etdiyi kimi, 7 iyun 2026-cı il tarixində keçirilən parlament seçkilərinin sülh və sabitlik şəraitində başa çatmasından məmnunluq duyuruq. Seçkilərdən sonrakı mərhələdə Ermənistanın regionda sülh və normallaşma istiqamətində daha cəsarətli addımlar atacağına ümid edirik.
Nikol Paşinyanın və onun rəhbərlik etdiyi siyasi qüvvənin seçkilərdə uğur qazanması Cənubi Qafqazda sülh və normallaşma prosesinin davam etdirilməsi baxımından mühüm fürsət kimi qiymətləndirilə bilər. Seçki kampaniyası dövründə və sonrasında Türkiyə və Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə dair verdiyi konstruktiv mesajları da müsbət qarşılayırıq.
Türkiyə olaraq regionumuzda davamlı sülhün, sabitliyin və rifahın təmin edilməsini arzulayırıq. Türkiyə-Ermənistan normallaşma prosesi ilə Azərbaycan-Ermənistan sülh danışıqlarını bir-birini tamamlayan proseslər kimi dəyərləndiririk”, – Ş.Ayrım deyib.
Türkiyəli deputat vurğulayıb ki, bununla yanaşı davamlı sülhün təmin olunması üçün Azərbaycanın uzun müddətdir gündəmə gətirdiyi bəzi fundamental tələblərin yerinə yetirilməsi də vacibdir:
“Bu çərçivədə Ermənistan Konstitusiyasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı həssaslıq yaradan müddəaların dəyişdirilməsi xüsusi əhəmiyyət daşıyır. Davamlı sülh yalnız siyasi iradə ilə deyil, həm də hüquqi və konstitusion əsaslarla möhkəmləndirilməlidir.
Türkiyə “Bir millət, iki dövlət” prinsipi əsasında Azərbaycanın haqlı həssaslıqlarını nəzərə almaqda davam edəcək, eyni zamanda Cənubi Qafqazın sülh, sabitlik və inkişaf məkanına çevrilməsi üçün konstruktiv mövqeyini qoruyacaqdır.
Xarici İşlər Nazirliyimizin də vurğuladığı kimi, Türkiyə indiyədək olduğu kimi, bundan sonra da region ölkələrinin ortaq maraqları əsasında regional sabitliyə və rifaha töhfə verməyi davam etdirəcəkdir.
Ümid edirik ki, yeni mərhələ regionumuza sülh, əmin-amanlıq və qarşılıqlı etimad gətirəcək. Çünki davamlı sülhün qazananı yalnız dövlətlər deyil, bütün region xalqları olacaqdır”.

