Rəqəmsal risklər və uşaqlar: qanunvericiliklə qorunan gələcək

Baş səhifə

Bakı. Trend:

Azyaşlıların sosial mediadan istifadəsini tənzimləyən qanunun
qəbul edilməsi mütləqdir. Hətta sosial platformaları yaradan və
formalaşdıran bir çox inkişaf etmiş ölkələrdə belə, uşaqların
sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qanunvericilikdə
müvafiq dəyişikliklər edilib.

Bu barədə Trend-ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev
məlumat verib.

Onun sözlərinə görə, uşaqların müdafiəsi ilə sosial mediadan
düzgün istifadə anlayışını bir-biri ilə qarışdırmaq olmaz.

“Əlbəttə ki, uşaqların təhlükəsizliyi təmin edilməlidir, eyni
zamanda onların rəqəmsal mühitdən düzgün və məqsədli şəkildə
istifadə etməsi də vacibdir. Bu baxımdan müəyyən məhdudiyyətlərin
tətbiqi zəruridir.

İlkin mərhələdə bu məsuliyyət ailənin üzərinə düşür. Uşağa
telefon, planşet və ya kompüter verildikdə valideyn nəzarəti mütləq
olmalıdır. Valideynlər uşağın sosial mediadan necə istifadə
etdiyini izləməli və düzgün yönləndirməlidirlər.




Daha sonra isə dövlət tərəfindən qanunvericilik çərçivəsində
tənzimləmələr həyata keçirilməlidir. Xüsusilə azyaşlıların sosial
mediada ciddi risklərlə üzləşməsi, neqativ məzmunların onların
həyatına mənfi təsir göstərməsi və məktəblilər arasında
kibertəhlükəsizlik problemlərinin artması bu sahədə hüquqi
addımların vacibliyini göstərir. Məktəblilər arasında baş verən
zorakılıq, alçaldıcı davranışların sosial şəbəkələrdə paylaşılması
kimi hallar da ciddi narahatlıq doğurur. Bu baxımdan İnzibati
Xətalar Məcəlləsində müvafiq dəyişikliklərin edilməsi və valideyn
məsuliyyətinin dəqiq şəkildə müəyyənləşdirilməsi vacibdir. Uşaqlara
həddindən artıq sərbəstlik vermək nə dərəcədə doğrudur? Bu sual
ciddi şəkildə düşünülməlidir. Əgər bir uşaq gələcəkdə cəmiyyətə
faydalı, yaradıcı və məsuliyyətli bir fərd kimi yetişməyəcəksə,
onun nəzarətsiz azadlığı cəmiyyət və dövlət üçün nə qədər faydalı
ola bilər?”

O bildirib ki, buna görə də məktəblilərin sosial mediadan
istifadəsini tənzimləyən qanunun qəbulu zəruridir və bu, qaçılmaz
bir ehtiyacdır.

“Çünki uşaqlar və gənclər ölkənin gələcəyidir, dövlətin dayaq
sütunudur. Onların düzgün istiqamətdə formalaşması üçün sistemli
addımlar atılmalıdır. Əgər uşaq sosial mediada zərərli mühitə
yönəlir, neqativ davranışları nümunə götürür və ya bu cür
davranışları yayırsa, bu, onun şəxsiyyət kimi formalaşmasına ciddi
zərər vurur. Bu halda müəyyən məhdudiyyətlərin tətbiqi qaçılmaz
olur.

Azyaşlıların düzgün yetişməsi, cəmiyyətə və dövlətə faydalı fərd
kimi formalaşması üçün sosial medianın rolu həm müsbət, həm də
mənfi ola bilər. Sosial media vacib vasitədir, lakin onun düzgün
istifadəsi mütləq şəkildə təmin edilməlidir. Yanlış yönləndirmə
ciddi fəsadlara gətirib çıxara bilər və bu, böyük təhlükə
yaradır.

Dünyanın bir çox ölkələrində, xüsusilə Avropa və Amerikada,
azyaşlıların sosial mediadan istifadəsi ilə bağlı ciddi
tənzimləmələr və məhdudiyyətlər tətbiq olunur. Hətta bəzi Orta
Asiya ölkələrində də bu istiqamətdə qanunvericilik tədbirləri
görülmüşdür”, – Ramin Nurəliyev vurğulayıb.