Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

8 iyun tarixində İstanbul şəhərində Azərbaycan, Gürcüstan və
Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü
çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan
Fidan arasında görüş keçirilib.

Bu barədə Trend-ə Azərbaycan
Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən
irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq
gündəliyinin aktual istiqamətləri, eləcə də regional və beynəlxalq
təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış
üçtərəfli əməkdaşlıq mexanizminin regional sabitliyin,
təhlükəsizliyin, enerji və nəqliyyat bağlantılarının təşviqində
mühüm rolunu vurğulayıblar. Bu çərçivədə, Orta Dəhliz,
Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi, regional tranzit
imkanlarının genişləndirilməsi və enerji təhlükəsizliyi sahəsində
əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər həmçinin bölgəmizdə davamlı sülh və sabitliyin təmin
olunmasının əhəmiyyətini qeyd edərək, regionda əməkdaşlığın
genişləndirilməsi istiqamətində birgə və əlaqələndirilmiş səylərin
davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq
məsələlər ətrafında fikir mübadiləsi aparıblar.