İğdırda Dədə Qorqud irsi yad edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İğdırda “Türk dünyasının ortaq mədəni irsi: Dədə Qorqud” adlı
beynəlxalq elmi konfrans baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən
Trend
-ə bildirilib ki, tədbir Diasporla İş üzrə Dövlət
Komitəsi, İğdır Universiteti, Naxçıvan Dövlət Universiteti, İğdır
Azərbaycan Evi və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun birgə
təşkilatçılığı ilə keçirilib.

Konfransda alimlər, rəsmi qurumların nümayəndələri, QHT və media
təmsilçiləri, tələbələr iştirak ediblər.

Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi və
şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb, sonra “Dədə
Qorqudun izində, sözündə” sənədli filmi nümayiş olunub.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Dədə Qorqudun
Türk dünyası üçün mənəvi və mədəni əhəmiyyətindən danışıb: “Bu gün
biz təkcə elmi bir toplantı keçirmirik, həm də ortaq
mədəniyyətimizin əsas dayaqlarından biri olan Dədə Qorqudu tarixi
və ədəbi yönləri ilə yenidən dəyərləndiririk”.




İğdır valisi Ercan Turan onu “Türk millətinin mənəvi mənbə kodu”
adlandırıb, İğdır Universitetinin rektoru, professor Ekrem Gürel və
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Dədə Qorqud
irsinin ortaq yaddaşda xüsusi yerə sahib olduğunu qeyd ediblər.

Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev isə Dədə Qorqudun
beynəlxalq səviyyədə tanınan və qorunan bir dəyər olduğunu
vurğulayaraq, bunun bütün türk xalqları üçün qürur mənbəyi
adlandırıb.

Tədbir panel iclası ilə davam edib. Dosentlər Oğuz Doğan və
İsmayıl Abalının moderatoru olduğu iclasda Kamal Abdulla,
professorlar Metin Ekici, Ramazan Korkmaz, Esma Şimşek, Səlahəddin
Bəkki, Ayşə Çətin, Mehmet Çeribaş və Refiye Şenesen Dədə Qorqudun
şəxsiyyəti və türk dünyasındakı rolu barədə məruzələrlə çıxış
ediblər.

Sonda iştirakçılara hədiyyə və sertifikatlar verilib və
“Türkiyə–Azərbaycan qardaşlıq türküləri” adlı musiqi proqramı
təqdim olunub.