Suriya beş ayda Azərbaycandan 141 milyon dollarlıq təbii qaz idxal edib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycandan Suriya Ərəb
Respublikasına 140,720 milyon ABŞ dolları dəyərində 418,796 milyon
kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında
bildirilir.

Ümumilikdə isə 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan 8
ölkəyə 3,343 milyard ABŞ dolları dəyərində 10,381 milyard kubmetr
təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə
müqayisədə dəyər baxımından 489,8 milyon ABŞ dolları və ya 12,8%
az, həcm baxımından isə 110,2 milyon kubmetr və ya 1,1% çoxdur.

Bundan başqa, 2026-cı ilin ilk beş ayında Azərbaycan cəmisi bir
ölkədən – İran İslam Respublikasından 12,476 milyon ABŞ dolları
dəyərində 185,380 milyon kubmetr təbii qaz (qaz halında) idxal
edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya
və Türkmənistandan 30,1 milyon ABŞ dolları dəyərində 195,6 milyon
kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz
idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,6
milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 10,3 milyon
kubmetr və yaxud 5,2% azalıb.

2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd
Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə
Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu
imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl
Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir
imzalayıblar.

İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki
hazırlıqlar tamamlanıb. 2025-ci ilin avqustun 2-dən etibarən isə
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start
verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard
kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis
şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına
çatdırılır və elektrik enerjisi istehsalında istifadə olunur. Bu
proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə
nail olunması nəzərdə tutulur.

Azərbaycanın qaz ixracının genişləndirilməsi dövlət siyasətinin
əsas istiqamətlərindən biridir. Hazırda Azərbaycan qazı 16 ölkəyə
ixrac olunur və ölkə boru kəmərləri vasitəsilə qaz təchizatı
coğrafiyasına görə dünyada birinci yerdədir.

Türkiyə–Suriya təbii qaz boru kəmərinin açılış mərasimində çıxış
edən Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının
sədri Mikayıl Cabbarov layihəni dörd ölkənin siyasi iradəsinin
nəticəsi kimi qiymətləndirib.

“Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin
aydın nümunəsidir. Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya
ixracına bu gün start verilir. Bu layihə Azərbaycan, Türkiyə, Qətər
və Suriya rəhbərlərinin siyasi iradəsi və iqtisadi əməkdaşlığının
nəticəsidir. İnanırıq ki, bu təchizat Suriyada iqtisadiyyatın və
insanların həyat şəraitinin yaxşılaşmasına mühüm töhfə verəcək”, –
deyə nazir bildirib.




Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan
Bayraktar isə qeyd edib ki, yaradılmış infrastruktur ilk mərhələdə
Suriyaya ildə 2 milyard kubmetrədək təbii qaz ixrac etməyə imkan
verəcək.

“Bu gün Azərbaycandan gələn təbii qazı Kilis üzərindən Suriyaya
ötürürük. Bu qaz hesabına təxminən 1 200 meqavat gücündə elektrik
stansiyaları fəaliyyət göstərəcək və 5 milyon evin elektrik
enerjisinə olan tələbatının ödənilməsinə töhfə verəcək”, – deyə o
vurğulayıb.

Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir də layihənin iki
ölkə arasında əməkdaşlığın başlanğıcı olduğunu bildirib.

“Bu sonuncu layihə deyil. Bundan sonra da Azərbaycanla birlikdə
daha böyük layihələrimiz olacaq. Azərbaycanla texniki əməkdaşlığın
genişləndirilməsi və yeni investisiya layihələrinin həyata
keçirilməsi barədə razılığa gəlmişik”, – deyə nazir bildirib.

Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti isə
Trend-ə eksklüziv müsahibəsində Azərbaycanın layihədəki rolunu
yüksək qiymətləndirib.

“Bu gün Suriyaya ilk qaz tədarükünə başladıq. Bu, Azərbaycan,
Türkiyə və Qətərin uğurlu əməkdaşlığının nəticəsidir. Azərbaycanın
bu prosesdəki rolunu yüksək qiymətləndiririk və bu tərəfdaşlığın
gələcəkdə daha da genişlənməsini istəyirik”, – deyə o Trend-ə
bildirib.

Energetika naziri Pərviz Şahbazov da vurğulayıb ki, Azərbaycan
son illərdə ixrac coğrafiyasını əhəmiyyətli dərəcədə
genişləndirib.

“2021-ci ildən etibarən Avropaya təbii qaz tədarükünü 56 faizdən
çox artırmışıq. Hazırda Azərbaycan qazı Almaniya, Avstriya və
Suriya da daxil olmaqla ümumilikdə 16 ölkəyə ixrac edilir ki,
onların 10-u Avropa İttifaqının üzvüdür”, – deyə nazir
bildirib.