
Bakı. Trend:
Dünyada hər üç nəfərdən biri sağlam qidalanmağa maddi imkan
tapmır. BMT-nin beş qurumunun hazırladığı illik hesabatda
bildirilir ki, 2,69 milyard insan enerji və qida ehtiyaclarını
ödəyən müxtəlif və sağlam pəhriz saxlaya bilmir.
Xarici mediada yayımlanan məlumata görə, “Dünyada Ərzaq
Təhlükəsizliyi və Qidalanmanın Vəziyyəti 2026” adlı hesabatda qeyd
olunur ki, 2030-cu ilədək qlobal miqyasda “sıfır aclıq” hədəfinə
çatmaq üçün böyük iş görülməlidir.
Hesabata görə, qlobal aclıq 2025-ci ildə ardıcıl üçüncü il
azalıb. Ötən il dünya əhalisinin 7,8 faizi aclıqdan əziyyət çəkib.
Bu göstərici 2024-cü ildə 8,1 faiz təşkil edib. Afrikada isə uzun
müddət davam edən aclığın artım tendensiyasının dayandığına dair
əlamətlər müşahidə olunub.
Bununla belə, hesabat müəllifləri sağlam qidalanmağa maddi
imkanı olmayan insanların sayının hələ də “son dərəcə yüksək”
olduğunu bildirirlər.
“Sağlam qidanın əlçatanlığının artırılması üçün, xüsusilə meyvə,
tərəvəz və süd məhsullarının qiymətlərinin aşağı salınmasına
yönəlmiş tədbirlərin görülməsinin vacibdir”, – Qida və Kənd
Təsərrüfatı Təşkilatının baş iqtisadçısı Maksimo Torero
vurğulayıb.
Hesabata əsasən, sağlam pəhrizin gündəlik orta dəyəri alıcılıq
qabiliyyəti pariteti (PPP) ilə 4,28 ABŞ dolları təşkil edir. Bu
göstərici ölkələr üzrə yerli valyutada sağlam pəhrizin ABŞ-da 4,28
dolların alıcılıq gücünə bərabər olan məbləğdə başa gəldiyini ifadə
edir.
Hesabatda, həmçinin piylənmə ilə bağlı göstəricilərin artdığı
qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə,
yetkinlər arasında piylənmə səviyyəsi 2012-ci ildəki 12,1 faizdən
2024-cü ildə 16,2 faizə yüksəlib.
Qeyd edək ki, hesabat Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO),
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNICEF, BMT-nin Ümumdünya Ərzaq
Proqramı və Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu
tərəfindən hazırlanıb.

