
Bakı. Trend:
Virtual oyunlar uşaqlara həm müsbət, həm də mənfi təsir göstərə
bilər. Onlardan düzgün rejimdə istifadə edildikdə zehni inkişafı
dəstəkləsə də, həddindən artıq oynanılması fiziki və psixoloji
problemlərə səbəb ola bilər.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında
keçirilən canlı yayım zamanı nazirliyin Psixi Sağlamlıq Mərkəzinin
psixoloqu Elnarə Baxışlı səsləndirib.
Psixoloqun sözlərinə görə, uşaqlar öz daxili emosional
rahatlığını, təxəyyülünü və sosial münasibətlərini oyunlar
vasitəsilə formalaşdırırlar:
“Virtual oyunlar uşaqlarımıza ikili təsir göstərir. Onlar orta
səviyyədə və düzgün vaxt bölgüsü ilə oynanıldıqda zehni
qabiliyyətlərin inkişafını stimullaşdırır. Lakin həddindən artıq
oynanıldıqda fiziki və zehni yorğunluğa səbəb olur. Bundan başqa,
bəzi oyunların süjeti düşmənçilik, hüquq pozuntusuna meyllilik və
cəzasız qalmaq kimi yanlış üstünlük hisslərinin formalaşmasına
təsir göstərə bilər”.
Elnarə Baxışlı bildirib ki, uşaqlar gördüklərini oyun zamanı
yenidən canlandırmağa, mənimsəməyə və öz kiçik dünyalarında tətbiq
etməyə çalışırlar:
“Bəzən bu səhnələrə öz xəyal obrazlarını da əlavə edirlər. Elə
hallar olur ki, uşaq oyun personajı ilə həddindən artıq eyniləşərək
real həyatdan uzaqlaşmağa başlayır. Çünki həmin virtual aləmdə hər
şeyin onun nəzarətində olduğu təəssüratı yaranır. Oyunların süjeti
müsbət də, mənfi də ola bilər. Əyləncəli olduğu kimi, təhlükəli və
ya zərərli məzmun da daşıya bilər. Bəzi hallarda uşağın real
həyatda nümayiş etdirdiyi davranışlar oyunun davamı təsiri
bağışlayır. Aqressiv davranışlar, uzunmüddətli qorxu və təşviş,
gecə kabusları və yuxu pozuntuları qorxu məzmunlu oyunların, eləcə
də psixikaya mənfi təsir göstərən rəng və səslərin təsiri ilə
yarana bilər. Buna görə də oyunlar valideynlə birlikdə seçilməli,
virtual oyunların real həyatda müsbət alternativləri
yaradılmalıdır”.
Psixoloq qeyd edib ki, valideynlər oyun seçərkən onların
məzmununa və uşağın yaş xüsusiyyətlərinə diqqət
yetirməlidirlər.
Onun sözlərinə görə, öyrədici və inkişafetdirici oyunlar məntiqi
təfəkkürü, diqqəti, dil bacarıqlarını və sayma vərdişlərini inkişaf
etdirir. Müxtəlif rəqəmsal tapmacalar və interaktiv oyunlar bu
qrupa daxildir.
Simulyator oyunları real həyat proseslərini – təyyarə
idarəetməyi, əkinçiliyi və ya idman fəaliyyətini təqlid edir.
Psixoloji araşdırmalar göstərir ki, bu oyunlar uşaqların
təxəyyülünü inkişaf etdirir, onlarda məsuliyyət hissini
formalaşdırır, heyvanlara və ətraf mühitə qayğı göstərməyi
öyrədir.
Strategiya oyunları planlaşdırma, analiz etmə və resursların
düzgün idarə olunması bacarıqlarını inkişaf etdirir, uşaqları
qabaqcadan düşünməyə sövq edir.
Aksiyon və idman oyunları reaksiya sürətini, məkan təfəkkürünü
və incə motor bacarıqlarını inkişaf etdirsə də, uzun müddət
oynanıldıqda zehni yorğunluq yarada bilər.
Rol oyunları (RPG) isə uşağın müxtəlif obrazlara daxil olmasına,
fərqli sosial rolları sınaqdan keçirməsinə və təxəyyülünü inkişaf
etdirməsinə imkan yaradır.
Sonda Elnarə Baxışlı vurğulayıb ki, virtual oyunlar seçilərkən
uşağın yaş xüsusiyyətləri, psixoloji və fizioloji inkişaf səviyyəsi
mütləq nəzərə alınmalı, mümkün olduqda valideynlər də bu oyun
prosesində iştirak etməlidirlər.

