Bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmir – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

İstehlakçıların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə
təmin edilməsi, həmçinin qida məhsullarının emalı və çatdırılması
xidmətlərinin qida təhlükəsizliyi tələblərinə uyğun təşkili
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əsas
fəaliyyət istiqamətlərindən biridir. Təəssüflə qeyd edək ki,
Agentlik tərəfindən aparılan monitorinqlər zamanı bir sıra keytrinq
şirkətlərinin qaydalara əməl etmədiyi və ciddi nöqsanlara yol
verdiyi aşkar edilib.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə
ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində
yoxlama keçirilib.

“Yoxlamalar zamanı çoxsaylı uyğunsuzluq faktları müəyyən
edilib.




Aşkar edilmiş əsas uyğunsuzluqlar aşağıdakılardır:
− müəssisənin qeydiyyata alınmadan fəaliyyət göstərməsi;
− mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin
qənaətbəxş olmaması;
− texnoloji ardıcıllıq prinsipinə əməl olunmaması;
− xammal və hazır məhsulların üzərində etiket məlumatlarının
olmaması;
− xammalların müşayiətedici sənədlərinin olmaması;
− yararlılıq müddəti bitmiş məhsulların mövcud olması;
− məhsulların saxlanma qaydalarına əməl olunmaması;
− dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin
aparılmaması;
− işçi heyətin ilkin və dövrü tibbi müayinədən keçməməsi.

Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati
məsuliyyətə cəlb olunub.

Agentlik bir daha xəbərdarlıq edir ki, qida təhlükəsizliyi ilə
bağlı tələblərə ciddi riayət olunmalıdır. Qaydalara əməl olunmadığı
təqdirdə kütləvi zəhərlənmə, insan həyat və sağlamlığı üçün risklər
yarana bilər. Xüsusilə kütləvi tədbirlər zamanı, eləcə də
təlim-tədris müəssisələrini qida məhsulları ilə təchiz edən
keytrinq şirkətlərində qeydə alınan nöqsanların aradan qaldırılması
istiqamətində icrası məcburi göstərişlər verilir. Nəzarət
tədbirləri davam etdirilir”,- deyə Agentlikdən qeyd edilib.