
Bakı. Trend:
Hesablama Palatası rəqəmsal qiymətləndirmələr nəticəsində 70-ə
yaxın quruma uyğunsuzluqlar və kənarlaşmalarla bağlı arayış təqdim
edib.
Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
Trend Beynəlxalq
İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində
deyib.
Onun sözlərinə görə, bu il ilk dəfə olaraq qanunvericiliklə
müəyyən edilmiş hesabatların təqdim olunması 100-dən çox indikator
üzrə rəqəmsal həllər vasitəsilə qiymətləndirilib.
“Qiymətləndirmələr əsasında 70-ə yaxın quruma uyğunsuzluqlar və
kənarlaşmalar barədə arayış təqdim etmişik”, – deyə o bildirib.
V.Gülməmmədov qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsinin
icrasına dair rəy hazırlanarkən 200-dən çox təşkilatdan 2 mindən
artıq hesabat daxil olub. Bununla yanaşı, hesabatların yalnız 40
faizi vaxtında təqdim edilib, sənədlərdə natamamlıqlar və xətalar
aşkar edilib ki, bu da onların analitik dəyərini azaldır.
Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun
Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya
verdiyi birgə müsahibə iyulun 22-də saat 21:00-da tam şəkildə
yayımlanacaq.

