
Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycan İtaliyaya 1,570 milyard
dollar dəyərində 3,505 milyard kubmetr təbii qaz ixrac edib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında
bildirilib.
Komitənin məlumatı əsasında aparılan hesablamaya görə, ötən ilin
eyni dövrü ilə müqayisədə Azərbaycandan İtaliyaya təbii qaz ixracı
dəyər baxımından 449,7 milyon dollar və ya 22,3%, həcm baxımından
isə 342,9 milyon kubmetr və ya 8,9% azalıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan 8
ölkəyə 3,343 milyard ABŞ dolları dəyərində 10,381 milyard kubmetr
təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə
müqayisədə dəyər baxımından 489,8 milyon ABŞ dolları və ya 12,8%
az, həcm baxımından isə 110,2 milyon kubmetr və ya 1,1% çoxdur.
Bundan başqa, 2026-cı ilin ilk beş ayında Azərbaycan cəmisi bir
ölkədən – İran İslam Respublikasından 12,476 milyon ABŞ dolları
dəyərində 185,380 milyon kubmetr təbii qaz (qaz halında) idxal
edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya
və Türkmənistandan 30,1 milyon ABŞ dolları dəyərində 195,6 milyon
kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz
idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,6
milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 10,3 milyon
kubmetr və yaxud 5,2% azalıb.
Azərbaycan son illər Avropada qaz ixracının coğrafiyasını
ardıcıl şəkildə genişləndirir. 2026-cı ilin yanvar ayından etibarən
SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Trans-Adriatik Qaz
Boru Kəməri (TAP) vasitəsilə nəql edilən Azərbaycan qazının
Avstriya və Almaniyaya tədarükünə başlayıb. Bununla da Azərbaycan
qazını idxal edən ölkələrin sayı 16-ya çatıb.
SOCAR-ın Trend-ə verdiyi məlumata görə, İtaliya üzərindən
Avstriya və Almaniyaya həyata keçirilən qaz tədarükü Azərbaycanın
Avropadakı enerji tərəfdaşlığının coğrafiyasını daha da
genişləndirib. Şirkət bildirib ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə müəyyən edilmiş qaz strategiyasına uyğun olaraq
Avropa və Yaxın Şərq bazarlarında qaz marketinqi fəaliyyəti davamlı
şəkildə genişləndirilir, müxtəlif ölkələrdən olan alıcılarla
əməkdaşlıq portfeli artırılır və Azərbaycanın etibarlı enerji
təchizatçısı kimi mövqeyi möhkəmləndirilir.
İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini
Edmondo Sirielli Trend-ə eksklüziv müsahibəsində bildirib ki, məhsuldar
yüksək səviyyəli siyasi dialoq vasitəsilə ikitərəfli əməkdaşlığın
dərinləşməsi fonunda İtaliya ilə Azərbaycan arasında tərəfdaşlığın
daha da genişləndirilməsi, eləcə də strateji neft-qaz sektorundan
kənarda iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli
şərait mövcuddur.
O bildirib ki, İtaliya Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)
yerli bazarda investisiya imkanlarının araşdırılmasına olan
marağını alqışlayır.
“Cənub Qaz Dəhlizi həm İtaliya, həm də Avropa Birliyi üçün
strateji əhəmiyyətli bir infrastrukturdur. Xüsusilə Rusiyanın
Ukraynaya qarşı təcavüzündən sonra Azərbaycan qazının tədarükü
Avropanın enerji təhlükəsizliyi üçün kritik hala gəldi. 2020-ci
ildə istifadəyə verildiyi vaxtdan bəri Trans-Adriatik Boru Kəməri
artıq 40 milyard kubmetrdən çox Azərbaycan qazını İtaliyaya nəql
edib”, – deyə o bildirib.
Sirielli qeyd edib ki, TAP-ın 2020-ci ildə istifadəyə
verilməsindən bəri ikitərəfli ticarət münasibətləri xeyli
artıb.
“Bu gün neft və qaz ticarəti ikitərəfli ticarətin böyük
əksəriyyətini təşkil edir. İqtisadi tərəfdaşlığımızı daha da
genişləndirmək üçün ticarət əlaqələrimizi şaxələndirməyə çalışırıq.
Bu, həm də iqtisadi əlaqələrimizi həqiqətən gücləndirə biləcək əsas
sahələrdə tərəfdaşlığımızın əhatə dairəsini genişləndirməyi
hədəfləyən hökumətlərarası komissiyanın əsas məqsədlərindən
biridir”, – deyə nazir müavini bildirib.

