
Bakı.Trend:
Böyük Britaniyanın paytaxtı Londonda quraqlıq və isti hava
şəraiti ilə əlaqədar bağ və qazonların şlanq və avtomatik suvarma
sistemləri ilə suvarılmasına, həmçinin binaların və avtomobillərin
yuyulmasına qadağa qoyulub.
Bu barədə “Thames Water” şirkətinin London sakinlərinə
göndərdiyi məktubda bildirilir.
“Thames Water” London və İngiltərənin cənubundakı ətraf
qraflıqlarda su təchizatı xidmətləri göstərir. Məhdudiyyətlər
ümumilikdə 10 milyondan çox insana şamil olunacaq və iyulun 23-dən
qüvvəyə minəcək.
“Müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən bütün
abonentlər üçün bağların suvarılmasına və avtomobillərin
yuyulmasına qadağa tətbiq edirik”, – deyə məktubda deyilir.
Şirkətin məlumatına görə, bu il onun xidmət göstərdiyi ərazidə
indiyədək rekord sayda – (havanın temperaturunun 34 dərəcə selsi və
daha yüksək olduğu) isti günlər qeydə alınıb. Eyni zamanda,
yağıntının həcmi illik orta göstəricinin cəmi 40 faizini təşkil
edib.

